Milli Məclisin deputatı Vahid Əhmədov Azərbaycanda yol polisinin ləğv edilməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, V.Əhmədov ölkə.az-a açıqlamasında deyib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da “Yol hərəkəti haqqında” qanun var.
Onun sözlərinə görə, əsas məsələ qanunun tələblərinə əməl olunmasıdır: “Əgər qanuna əməl olunmayacaqsa, istər yol polisi, istərsə də digər polis olsun, problem yenə olacaq. Əgər polis qanunun tələblərinə uyğun hərəkət edirsə, burada heç bir problem ola bilməz. Yox, əgər polis qanunu pozursa, burada nəyisə ləğv etməkdən asılı olmayaraq, problem qalacaq”.
Deputat qeyd edib ki, Azərbaycanın bütün yollarında radarlar və kameralar quraşdırılıb: “Kim qaydaları və qanunu pozursa, onlar bilinir, cərimə edilirlər. Bu istiqamətdə problemlər yoxdur. Ancaq istənilən halda yollarda polis nəzarəti olmalıdır. Çünki yollarda müəyyən problemlər və hadisələr baş verir, sürücülər arasında mübahisələr olur və sairə. Ancaq bütün bunlara yol polisi və yaxud da digər polisin nəzarət etməsinin fərqi yoxdur. Əsas məsələ odur ki, qanunun tələblərinə əməl edilsin. Yollarda qanuna əməl edilmədikdə isə nə edirsən et, faydası olmayacaq”.
V.Əhmədov qaydalara əməl edən sürücü olduğunu da söyləyib: “Mənim yol polisi ilə heç bir problemim yoxdur. İndiyədək də polislə heç bir problemim olmayıb. Biz qaydalara və qanunlara əməl edərək, avtomobil idarə edirik. Ona görə də problemimiz olmur. Təbii ki, qanunu pozanlara qarşı yol polis tədbir görməlidir. Amma yenə də deyirəm ki, bu tədbirləri yol polisi də, digər polislər də edə bilər. Çünki Azərbaycan yollarında kifayət qədər, hətta tələb olunandan da çox radar və kameralar quraşdırılıb. Ona görə də polis olmasa belə, yollara nəzarət etmək mümkündür”.
A.M.