Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vətən müharibəsinin 40-cı günü: Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur edilir
2020-ci il noyabrın beşi, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırxıncı günü.
Oxu.Az xatırladır ki, döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən, cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edir. Goranboy, Tərtər, Ağdam və Ağcabədidəki yaşayış məntəqələrimizi və mövqelərimizi atıcı silahlardan atəşə tutan düşmənə Ordumuz ağır zərbələr endirir.
Ermənistan ordusunun hücumlarının, Zəngilan rayonu ərazisində isə diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınır. Düşmən şəxsi heyət və hərbi texnika baxımından itkilər verərək geri çəkməyə məcbur edilir. Döyüş meydanında atıb qaçdıqları hərbi texnikalar qənimət götürülür.
Ermənistan ordusu yenidən mülki obyektləri və dinc sakinlərimizi hədəf alır. Səhər saatlarında Ağcabədinin Qiyaməddinli kəndinə dörd mərmi atılır. Gün ərzində isə fasilələrlə Tərtər rayonunun Səhləabad kəndi, Tərtər şəhəri, Ağdamın Hacıturalı və Əfətli kəndləri artilleriya atəşinə tutulur.
Təbii ki, ordumuz bütün bunların cavabını yenə də ön cəbhədə verir. Düşmənin Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən bir komandir, bir rabitə avtomobili, şəxsi heyət və sursatla dolu iki ədəd "KamAZ" maşını və qoşqusunda top olan üç ədəd "Ural" maşını tamamilə məhv edilir.
Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulur. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar olur. Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılır, artilleriya qurğuları tam sıradan çıxarılır.
Həmin gün Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Azərbaycan Ordusunun üstünlüyündən danışır:
"Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən, demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik".
Beləliklə, müharibənin qırxıncı günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.
Mərahim Nəsib
"İşğaldan azad olunmuş ərazilər" teqi üzrə xəbərlər
- Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır
- Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilib
- Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq
- Yeni ili məşhur müğənnilərlə Qarabağda qeyd etmək neçəyə başa gələcək?
- Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? - RƏSMİ
Rəylər