"Hadisə Binəqədi rayonu, Zahid Qənbərov küçəsində baş verib".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.

O qeyd edib ki, hadisə avqustun 19-da saat 11:10-da baş verib:
"Hadisənin baş verməsinə səbəb Elşən Vahid oğlu Əhmədovun idarə etdiyi 90-OK-378 dövlət nömrə nişanlı yük avtomobilinin əyləc sistemində yaranan problem olub. Hadisə nəticəsində yük avtomobili köşkə və 90-MB-697 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilə çırpılıb. Avtomobilə ciddi ziyan dəyib. Sürücünün hadisə zamanı sükan arxasında olmaması ilə bağlı yayılan iddia həqiqətə uyğun deyil. Sürücü sükan arxasında olub".
Bakıda yük avtomobilinin törətdiyi qəza ətrafdakılara qorxulu anlar yaşadıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Yük avtomobili hansı səbəbdənsə, geriyə hərəkət edir. Nəticədə arxadan gələn birinci maşın qəzadan yan keçə bilsə də, ikinci maşından ancaq bir nəfər son anda özünü xilas edə bilir.
Sosial şəbəkə iştirakçılarının yazdıqlarına görə, yük avtomobilində sürücü olmayıb və o, qəfildən geriyə hərəkət edib.
Hadisənin dəqiq hansı ərazidə qeydə alındığı məlum deyil.
Əzizə İsmayılova