“WoWoman” xanımların inkişaf platforması ABŞ səfirliyinin dəstəyi ilə “WoWoman in Me” adlı layihəsinə start verir.
Oxu.Az xəbər verir ki, 10 moduldan ibarət proqram xanımlarda kommunikasiya və idarəçilik bacarığını artırmaq, proaktiv düşüncə tərzini aşılamaq, sahibkar ruhunu aşkara çıxarmaq məqsədilə yaradılıb və iştirakçıların fərdi və peşəkar inkişafına dəstək olmağı hədəfləyir.
“WoWoman in Me” proqramında xəyallarını və hədəflərini gerçəkləşdirmək üçün yeni bilik və bacarıqlar öyrənmək istəyən tələbələr və gənc peşəkar xanımlar iştirak edə bilər. “WoWoman” platformasının əksər layihələri kimi, bu proqram da tamamən ödənişsiz olacaq.
Bu proqram “WoWoman” platformanın təsisçisi Zara Hüseynovanın şəxsi və peşəkar təcrübəsinə, onun Harvard, MIT, Stanford və digər universitetlərdə iştirak etdiyi konfranslarda və treyninqlərdə əldə etdiyi biliklərə, TED çıxışına və AIESEC təcrübəsinə əsaslanaraq hazırlanıb.
Sentyabr və oktyabr aylarında keçiriləcək 10 modul başa çatdıqdan sonra növbəti 3 ay ərzində xanımlar fərdi mentorların nəzarəti ilə öyrəndiklərini tətbiq edəcəklər.
Müraciət üçün son tarix 5 sentyabrdır. Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: http://wowoman.az/
Qeyd edək ki, “WoWoman” xanımların inkişafı üçün 2.5 il öncə yaradılmış platformadır və artıq 6500 xanımın iştirakı ilə müxtəlif sahələr üzrə layihələr və proqramlar həyata keçirib. Həmin layihələr arasında “Tech-Tech Xanım” – İnformasiya Texnologiyaları sahəsini öyrənmək istəyən xanımlar üçün proqramlar, “WoWenture” – xanımlar üçün sahibkarlıq proqramı, “HR Academy”, “Digital Marketing Academy” və s. xüsusi vurğulamaq olar.
“Facebook” qrupu vasitəsilə “WoWoman” artıq fəaliyyətinin bir hissəsini online davam etdirir, bu isə regionlarda yaşayan və tədbirlərdə iştirak edə bilməyən xanımların özünü inkişaf etdirməsi üçün təkan verir. Qrup vasitəsilə iştirakçılar təhsil, karyera, fərdi inkişaf mövzularında öz təcrübələrini bölüşür və bir-birlərinə dəstək olurlar.
Qrupun linki: https://www.facebook.com/groups/711082735656092/?fref=nf
A.S.
www.oxu.az