Bakı şəhərinin Binəqədi rayonunun Xocasən qəsəbəsində içməli su borusunun partlaması sakinlərin narazılığına səbəb olub.
Oxu.Az-ın qaynar xəttinə daxil olan müraciətdə bildirilib ki, Aprel Zəfəri küçəsində yerləşən içməli su xəttində yaranan qəza səbəbindən artıq 10 gündür su küçəyə axır.
Sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə qaynar xəttə müraciət olunsa da, indiyədək nasazlıq aradan qaldırılmayıb.
"On gündür ki, içməli su küçə boyu axaraq həyətlərə dolur", - deyə şikayətdə qeyd olunub.
Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ ilə bağlı Binəqədi Sukanal İdarəsinə məlumat verilib:
"Əraziyə briqada cəlb ediləcək, su xətləri yoxlanılaraq mövcud problem aradan qaldırılacaq".