Bakının Yasamal rayonunda piyada zolağını bildirən yol nişanının qırılması sakinlərin narahatlığına səbəb olub.
Oxu.Az-ın qaynar xəttinə daxil olan məlumata görə, problem rayonun Kamal Rəhimov küçəsində hökm sürür.
Bildirilib ki, yol nişanı uzun müddətdir təhlükəli vəziyyətdədir və hər an aşaraq piyadaların xəsarət almasına səbəb ola bilər.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət edilsə də, indiyədək nişanın bərpası və ya yerinə bərkidilməsi istiqamətində hər hansı tədbir görülməyib.
"İki aydan çoxdur nişan bu vəziyyətdədir. Bir az güclü külək olsa, kiminsə başına düşə bilər", - deyə sakin bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sözügedən ünvanda piyada keçidi nişanı bərpa edilib.