Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində dayanma və durma qaydalarını pozaraq piyadaların və digər nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
"Bir daha sürücülərdən xahiş edirik ki, dayanma və durma qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə məlumatda bildirilib.
Bakının Yasamal rayonunda, Məhəmməd Naxçıvani küçəsində avtomobillərin piyada zolağının üstündə saxlanılması sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.

Bildirilib ki, İlahiyyat İnstitutunun yaxınlığında yerləşən piyada keçidləri hər gün avtomobil sürücüləri tərəfindən zəbt edilir. Nəticədə piyadalar intensiv hərəkətin olduğu yolda qarşı tərəfə keçməkdə çətinlik çəkirlər.
"Problemin hər gün təkrarlanmasına baxmayaraq, indiyədək müvafiq tədbir görülməyib. Onlar cərimə olunsalar, hər gün eyni hal təkrarlanmaz", - deyə şikayətçi bildirib.


