Qan Turalı yazır...
Elm və texnika inkişaf etdikcə insan həyatı daha sadələşir. Tibb sahəsində misli görünməmiş inkişaf da insan ömrünü uzadır. Əvvəlki əsrlərdəki xəstəliklərin bir çoxu mövcud deyil. Mövcud olan xəstəliklər də asanlıqla müalicə edilir. Sadə bir vaksinlə insanların həyatı xilas olur.
Ya da əvvəlki əsrlərdə aylarla getdiyimiz yolları cəmi iki-üç saat ərzində qət edə bilirik. Daha ov dalınca qaçmırıq, ət əldə etmək üçün sadəcə olaraq ən yaxın marketə getmək kifayət edir.
İnsan sahib olduqlarının fərqində olmayan bir varlıqdır. Misal üçün, indi hamının evində isti su var, ancaq 100 il bundan qabaq bu lüks idi. İnsanlar çimmək üçün hamamlara gedirdilər.
Bütün bu dəyişikliklər gündəlik həyatımızı kökündən dəyişdirib. Ancaq bizim bu dəyişikliklərə uyğunlaşmağımız heç də asan olmayıb. Daha konkret şəkildə ifadə etsək, bütün bu dəyişiklərin bizim şüurumuza, ruhumuza təsiri son dərəcə mürəkkəbdir və adaptasiya üçün böyük bir zaman gərəklidir.
Bir məqama toxunmaq istərdim. İndiki dövrdə darıxmaq dəbdədir. Hamı darıxır, hamı. Təkcə şairlər yox. Və darıxmağın qabağını almaq üçün də müxtəlif işlərlə məşğul olurlar. Bu işlərin ən populyarı sosial mediada gəzişmək, lazımsız videolara baxmaqdır... Ancaq darıxmaq ancaq və ancaq müasir dünyanın məhsuludur. Əvvəlki dövrdə insanlar darıxmazdılar. Ya da, belə deyək, darıxmağa fürsətləri yox idi. Yorucu kəndli əməyindən sonra darıxmaq nədir ki? İnsanlar çox erkən yaşlardan əmək prosesinə cəlb olunurdular. Əslində, o dövrlərdə də darıxanlar var idi. Bunlar işsiz-gücsüz aristokratlar idi... Onlar da qalın romanlar oxuyur, müsamirələr, ballar keçirdir, sözün həqiqi mənasında vaxt öldürürdülər. Krallar, padşahlar saraylarda təlxəklər saxlayır, onlar da kralları, padşahları əyləndirirdilər. Məqsəd darıxmağın qarşısını almaq idi. Müasir dövrdə isə darıxan adamların sayı milyonlarla ölçülür. Və darıxmağın dərmanları da çoxdur. İdman yarışlarından tutmuş, sosial mediaya qədər...
Ancaq insan maddi nemətlərin əhatəsində olsa belə mənəvi bir varlıqdır. İllərlə, əsrlərlə qazanılmış mənəvi keyfiyyət. Məhz ərlər boyunca iqtisadi, siyasi institutlar sayəsində insan şüuru formalaşıb. Müasir dövrün yeni standartlarına uyğunlaşmaq isə xeyli çətinlik yaradır. Bunun iztirablarını da hər yerdə görürük, müşahidə edirik. Misal üçün, əvvəlki dövrdə olmayan psixoloji problemlər müasir dövrdə geniş şəkildə yayılıb. Yeni psixoloji problemlər yarandığı kimi, insanlar arasında psixoloji problemləri olan insanların sayı da kəskin şəkildə artıb. Yeni dövrün yeni problemləri, yeni tərəddüdləri vardır.
Nazim Hikmət hələ ötən əsrdə yazırdı:
Yaşamak şakaya gelmez,
büyük bir ciddiyetle yaşayacaksın
bir sincap gibi mesela,
yani, yaşamanın dışında ve ötesinde hiçbir şey beklemeden,
yani bütün işin gücün yaşamak olacak.
Yaşamaq isə müasir dövrdə həddən artıq çətinləşib. Bir tərəfdən maddi nemətlərin çoxluğu və bu nemətlərə çatmaq üçün daha çox əmək və zaman sərf edilməsi... Digər tərəfdən isə yaşamaq üçün motivasiya tapmaq. Hər gün yeni bir ümid, emosiya, enerji ilə yuxudan oyanmaq... Hər gün yenidən doğulmaq kimidir bu.
Müasir insanın ən böyük problemi də motivasiyasızlıqdır. Həyat üçün məna tapmamaq... Mənasızlıq və bu mənasızlığın doğurduğu çarəsizlik... Sabir ironiya ilə belə yazırdı: "Yaşamaq istər isək sırf əvam olmalıyız"...
Yaşamaq böyük bir əzm, dözüm tələb edir. Müşfiqin dediyi kimi, hər gün yeni bir nəğmə, hər gün yeni bir ilham...