Digər mövsümlərlə müqayisədə, yay aylarında ən çox rast gəlinən problemlərdən biri zəhərlənmələrdir. Buna səbəb isə qidaların təyin edilən norma və standartlara uyğun olmayan şəraitdə saxlanılmasıdır. Bu məqamlara həm ev şəraitində, həm də iaşə obyektlərində rast gəlinir. Buna baxmayaraq, tez-tez restoranlarda yeməklərin, salatların köhnə olduğuna, bir müddət əvvəldən hazırlanıb saxlanıldığına dair şikayətlər eşidirik.
Yay mövsümündə qidaların uzun müddət saxlanılması doğrudurmu? Xüsusilə tərkibində mayonez, ət və yumurta olan qidalar, salatlar maksimum nə qədər saxlanıla bilər? İnsanlar bu məsələlərdə ən çox nəyə diqqət etməlidirlər?
Oxu.Az-ın bu və digər suallarını Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Aysel Cəlilova cavablandırıb.
O bildirib ki, xüsusilə yay aylarında salatlar hazırlandıqdan sonra 2-3 saat ərzində istehlak edilməlidir:
“Bu, tərkibində istər mayonez olan, istərsə də olmayan salatlara aiddir. Bundan başqa, salatların böyük əksəriyyətinin tərkibində mayonezlə yanaşı, toyuq və mal ətindən də istifadə edilir. Onların uzun müddət saxlanılması məsləhət görülmür.
Düzgün olmayan şəraitdə saxlanılan qida təhlükəsizlik baxımından insan sağlamlığı üçün riskli ola bilir. Salatlar və tərkibində mayonez olan qidalar soyuq şəraitdə saxlanılmalıdır. Bildiyiniz kimi, mayonezin tərkibi yumurta, sirkə, limon turşusu və digərlərindən ibarətdir. Təbii ki, tərkibində sadalanan qarışıqlar olan qidalar uyğun olmayan şəraitdə saxlanılanda zəhərlənmələrə də yol aça bilər.
Söhbət təkcə salatlardan getmir, tərəvəz və yüksək riskli hesab olunan məhsullardan hazırlanan yeməklərə də aiddir. Bütün məhsulların üzərində onların tərkibi və saxlanma şəraitləri barədə zəruri olan məlumatlar qeyd edilib. Onu da əlavə edim ki, bəzən mayonezin tərkibinin zəhərlənməyə yol açdığı deyilsə də, aparılan tədqiqatlar bunun əksini sübut edib.
Belə ki, müxtəlif qidalarla qarışanda və uyğun olmayan şəraitdə saxlanılanda zəhərlənmələr olsa da, mayonezin tərkibində olan limon və sirkə turşusu bakteriyaların inkişafını ləngidir”.
Bəzən iddia edilir ki, restoranlarda bir sifarişdən qalan salatlar qarışdırılır, eyni salatdan digər müştəri sifariş etdikdə, ona servis edilir.
A.Cəlilova bu məsələyə də münasibət bildirib. O qeyd edib ki, restoranlarda servis edilən qidaların görünüşünə və dadına diqqət etmək lazımdır:
“Sifariş edilən salatların, yeməklərin görünüşündə və ya dadında sizi narahat edən məqam varsa, bu barədə iaşə obyektinin rəhbərliyinə məlumat verilməlidir. Əgər müştəri haqlı olduğunu, sifariş etdiyi qidanın uyğun olmayan şəraitdə saxlanıldığını və görünüşünü itirdiyini düşünürsə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna deyil, aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilər”.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, son bir il ərzində qida zəhərlənməsi halı ilə bağlı 359 şikayət daxil olub. Agentliyin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən ikisi vəfat edib.
Könül Cəfərli
Rəylər