Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə müraciət edib.
İdarədən Oxu.Az-a verilən məlumata görə, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda nəqliyyat vasitələri ilə yanaşı, piyadaların da hərəkətində intensivlik xeyli dərəcədə artıb.
Bunu nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını, xüsusilə də piyadaları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə və öz nümunəvi davranışları ilə uşaqlara, yeniyetmələrə nümunə olmağa çağırır:
“Hörmətli sakinlər, unutmayın ki, siz piyada qismində hərəkət edərkən yol hərəkəti iştirakçıları arasında ən zəifi sayılırsınız və bu zəiflik insanın fiziki və ya zehni imkanları ilə ölçülmür. Piyada ağır metal kütləsi olan nəqliyyat vasitəsi ilə müqayisədə həddən artıq zəifdir”.