Qan Turalı yazır...
Nazım Hikmət necə deyirdi?
“Kimi insan otların, kimi insan balıkların çeşidini bilir
Ben ayrılıkların
Kimi insan ezbere sayar yıldızların adını,
Ben hasretlerin”.
Məndə də belə qabiliyyət yoxdur, nə geyim markalarını tanıyıram, nə maşınları...
Nəinki başqalarının, heç öz paltarlarımın da qiymətini bilmirəm.
Ancaq yoxsul insanları gözlərindən tanıyıram...
Çünki yoxsulluq fiziki yox, mənəvi vəziyyətdir.
İllərdir və bəlkə də nəsillərdir qazanılan keyfiyyətdir.
O qadının və yanındakı yeniyetmə oğlunun yoxsulluğu ürkək baxışlarından, burada özünü artıq adam kimi hiss edən davranışlarından tökülürdü.
Xüsusən də qadın...
O sanki bu dünyaya zəhmət və dərd çəkmək üçün gəlmişdi...
Və bütün bunlar bir telefon mağazasında baş verirdi.
Mən istədiyim telefonu seçib pulunu ödəyəndə satıcı onların kreditini rəsmiləşdirirdi.
Qəfil gözüm piştaxtanın üstündəki qutuya sataşdı.
Həmin o dişlənmiş almanı gördüm...
Adapteri kreditə əlavə etmək mümkün deyildi, limit dolmuşdu, bunun söhbəti gedirdi.
Ailənin nağd pulla adapter almağa imkanı yox idi.
Sonraya saxladılar...
Mənim üçün sarsıdıcı dəqiqələr isə davam edirdi.
Çünki ikinci telefonu nə zaman kreditə götürmək sualı verilmişdi.
Satıcı “altı ay sonra” dedi...
Kapitalizm, lüks istehlak düşməni deyiləm.
O dişlək almadan mən də yemişəm, indi də başqa cihazını işlədirəm.
Ancaq insanların maddi məhrumiyyət çəkərək bu qədər gərəksiz istehlak yükü altına girmələri məni həqiqətən ağrıdır...
Sokrata görə insanlar ona görə pislik edir ki, yaxşının nə olduğunu bilmirlər. Yaxşının nə olduğunu bilən mütləq onu gerçəkləşdirəcəkdir.
Görəsən, bu insanlar özlərinə pislik etdiklərini bilirdilərmi?
Suala cavab axtarmaq üçün 1985-ci ildə çap edilmiş “Atalar sözü” kitabını vərəqləyirəm.
Budur, rastıma çıxan cavab...
“Kasıb çıxarın bilsə, gündəliyə mahud geyər”.
Çıxarın, yəni xərcin. Gəlirin əksi. Gəlir-çıxar...
Yazını bura qədər oxuyanlar belə düşünəcək: “Yenə intellektual eqoizm, xalqı həqarət, kasıblara xor baxış...”
Bu qətiyyən belə deyil, gəlin, Kefli İsgəndərin monoloqundakı o cümləni bura qoyub yazının son hissəsinə keçək: “Bu sözlәri sizә demәkdә elә xәyal elәmәyin ki, mәn sizi pislәyib, özümü tәrif etmәk istәyirәm”.
İnsan əşyalarla fərəh tapırsa, demək, qəlbi boşdur, ürəyi boşdur.
Demək, biz illərlə davam edən təhsil prosesində onlara mənəvi həzləri daddıra bilməmişik.
Biz, müəllimlər, ziyalılar, incəsənət xadimləri...
Biz insanlara bir fincan qəhvə içə-içə Nazim Hikmətin şeirini oxumağın necə ləzzətli bir iş olduğunu göstərə bilməmişik.
Bəlkə özümüz də etməmişik.
Mirzə Səfərin “Belə şeylərdən ləzzət apar” məsləhətinə özümüz qulaq verməmişik.
Maddi həzlər ötəridir, bu gün fərəhlə aldığın telefonun sabah yeni versiyanın nümayişi ilə gözündən düşər, həzz iztiraba çevrilər.
Amma uşaq ikən oxuduğun “Tom dayının daxması” romanı sənin üçün daim əziz olar.
Müşfiqin şeirləri illər keçdikcə sənin üçün daha çox məna qazanar...
İnsan mənəvi varlıqdır...
Əsl yoxsulluq da qəlbin boşluğudur, ürəyin boşluğudur, başın boşluğudur, maddiyyatda çarə axtarmaqdır.
Yoxsulluq ruhun aclığıdır, onun pis qidalanmasıdır.
Bir mahnıya qulaq asıb xəyallara dalmamaqdır yoxsulluq.
Bir misraya heyrətlənməməkdir...
İsa demişkən, insanı təkcə çörək yox, həm də rəbbin sözləri doydurar.
Ancaq “rəbbin sözlərindən”, bir mahnının, bir şeirin, bir hekayənin ləzzətindən, bəzən bir çiçəyin fərəhindən məhrum qalanlar öz boş könül evlərində aclıqdan, soyuqdan üşüyərlər...
Meşşanlıqda nicat yoxdur.
“Vay o qəlbə ki, boşdur...”
Bilirəm, bəziləri də belə deyəcək, camaat çörək tapmır, bu şeirdən dəm vurur.
Çörək yoxdursa, alma yesinlər...