Ötən gün axşam saatlarında Zaqatala və Qax rayonlarında yağan güclü dolu və leysan yağışları kənd təsərrüfatına ciddi ziyan vurub.
Oxu.Az xəbər verir ki, bəzi kəndlərdə dolu uzun müddət davam etməklə yanaşı, intensiv leysanla da müşayiət olunub.
Yağıntıların nəticələrini öyrənmək məqsədilə ən çox ziyan dəyən kəndlərin ərazi icra nümayəndəlikləri ilə əlaqə saxladıq.
Zaqatala rayonunun Yeni Suvagil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İlham Məmmədov Oxu.Az-a açıqlamasında bildirdi ki, təbiət hadisəsi kənd təsərrüfatına ciddi ziyan vurub:
"Ötən gecə yağan güclü dolu taxıl və meyvə-tərəvəz sahələrini demək olar ki, məhv edib. Yağış və dolunun şiddətindən zəmilərdəki taxıl yerə yapışıb. Meyvə-tərəvəz də eyni aqibətlə üzləşib. Lakin sevindirici haldır ki, evlərə və mal-heyvana zərər dəyməyib", - deyə İ.Məmmədov qeyd edib.
Qax rayonunun Tasmanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Məhərrəm Alagözov Oxu.Az-a açıqlamasında bildirdi ki, dolu təxminən yarım saat davam edib və nəticədə kənd təsərrüfatı ciddi ziyan görüb:
"Dünən yarım saata yaxın güclü dolu yağdı kəndə. Nəticədə təsərrüfatın bir hissəsinə ciddi ziyan dəyib. Əsasən qarğıdalı, arpa və buğda sahələri sıradan çıxıb. Sünbüllərin üstündə demək olar ki, heç nə qalmayıb. 25-30 santimetr hündürlüyündə olan qarğıdalı sahələri tamamilə məhv olub. 16 hektara yaxın tütün sahəsi zərər görüb. 100 hektardan çox fındıq bağlarında isə yarpaqlar tamamilə tökülüb, yeni pöhrələr qırılıb. Meyvə bağları, bostanlar da o qaydada - dolu vurub məhv etdi. Evlərə, nəqliyyat vasitələrinə və mal-heyvana hər hansı zərər dəyməyib. Əsas ziyan təsərrüfata dəyib. Aidiyyəti qurumlar tərəfindən vəziyyət nəzarətə götürülüb və müvafiq tədbirlər görülür", - deyə M.Alagözov bildirib.
Qax rayonunun Zəyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Rövşən Salamov Oxu.Az-a açıqlamasında bildirdi ki, dolu və leysan kənd təsərrüfatı sahələrini demək olar ki, tamamilə yararsız hala salıb:
"Dünən axşam saat 7-8 radələrində, təxminən bir saat ərzində leysanla müşayiət olunan dolu yağdı kəndimizə. Adətən, belə hava 5-10 dəqiqə olurdu, bu dəfə isə fasiləsiz olaraq bir saat davam etdi. Yağıntı nəticəsində kəndin relyefcə çökək hissələrində bəzi həyətlərə su yığıldı. Əsas ziyan kənd təsərrüfatına dəyib. Fındıq, qarğıdalı, taxıl sahələri, bostan-tərəvəz məhsulları məhv olub. Təxminən 100 hektara yaxın fındıq və meyvə bağları yararsız hala düşüb - ağacların yarpaqları tökülüb, xırda budaqlar qırılıb. 70-80 hektar ərazidə taxıl və tərəvəz sahələrinə də ciddi ziyan dəyib. Pomidor, xiyar, lobya, kartof kimi tərəvəz bitkiləri tamamilə məhv olub. Evlərin dam örtüklərinə və avtomobillərə zərər dəyməyib, çünki dolu xırda - fındıq boyda idi. Əgər iri olsaydı, əlavə fəsadlar da qaçılmaz olardı. Hazırda aidiyyəti qurumlar tərəfindən zərərin dəqiq miqdarının müəyyən olunması istiqamətində işlər aparılır", - deyə R.Salamov vurğulayıb.
Əzizə İsmayılova