Bəlkə də dünyanın ən balaca kitabı Zərdab rayonunun Bıçaqçı kənd sakini Elton Zəkizadənin evindədir. Eni 1 sm, uzunlugu isə 1,5 sm-dir.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Elton Zəkizadənin sözlərinə görə, yaşı 2 əsrə bərabər olan kitab onlara nəsildən-nəslə ötürülüb. Kitabın yaşını vərəqlərinin köhnəlməsi və bəzi hərflərin pozulmasından da müəyyənləşdirmək olar.
İçində yazılanların həqiqətən “Quran” ayələrinin olmasını din adamları da təsdiqləyir. Onlar bildirirlər ki, kitabda “Qurani-Kərim”də olan ən təsirli surə və ayələr var. Miniatür kitabın ölçülərinə baxmayaraq, onu adi gözlə oxumaq mümkündür.
Elton Zəkizadə qədim kitabın dünyada ən kiçik olub-olmamasını da araşdırıb. İnternetdə şəkillərini paylaşıb və belə kitabları olanlarla əlaqə saxlayıb.
Elton deyir ki, balaca kitab marağa səbəb olur.
O, bu kitabı saxlayaraq gələcək nəsillərə ötürmək niyyətindədir.
İ.N