Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.
T. Səmədovanın vəkili Janna Bağırova Oxu.Az-a açıqlamasında deyib ki, prosesdə hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaq olduğu üçün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb.
Ancaq məhkəmə vəsatəti təmin etməyib.
Hakimlər Kollegiyası cinayət işinin qapalı məhkəmədə qismən istintaqla aparılması haqqında qərar qəbul edib.
Məhkəmə baxışı yanvarın 8-də davam etdiriləcək.
Qeyd edək ki, T.Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.
Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.
O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Etibar Məmmədov
Rəylər