Gənc azərbaycanlı kinorejissor Vüqar Tahirov bu il "Beyond Home" (Evdən Kənarda) adlı yeni qısametrajlı sənədli filmini təqdim edib. Bu, Tahirovun 2024-cü ildə təqdim etdiyi sayca ikinci qısametrajlı filmdir.
Film ABŞ-də immiqrant həyatı yaşayan və futbol məşqçisi kimi özünü reallaşdırmağa çalışan azərbaycanlı gənc Fərid haqqındadır. Film boyunca rejissor Fəridin ABŞ-də təcrübə etdiyi immiqrant həyatının çətinlikləri və futbol məşqçisi olmaq yolundakı incəliklərdən bəhs edir.
"Evdən Kənarda" yeni film olmasına baxmayaraq, artıq müxtəlif beynəlxalq film festivallarından müsbət rəylər alıb.
Film,bu il ABŞ-nin Nyu-York şəhərində keçirilən "New York Internation Film Award" beynəlxalq film festivalında ən yaxşı qısa sənədli film və Fransanın paytaxtı Parisdə keçirilən "Paris Play Film" festivalında ən yaxşı sənədli film nominasiyasında finalçı olub.
Həmçinin, sənədli film ABŞ-nin Çikaqo şəhərində keçirilən "Crown Point international Film" festivalında ən yaxşı rejissor və Hindistanın Kolkata şəhərində keçirilən "Sundarban International Film" festivalında ən yaxşı rejissor və ən yaxşı qısa sənədli film nominasiyasında baş mükafata layiq görülüb.
Qeyd edək ki, "Evdən Kənarda" filmi bu il keçiriləcək digər müxtəlif beynəlxalq film festivallarında da baş mükafat üçün mübarizə aparacaq.
Rejissor haqqında
1993-cü ildə Bakı şəhərində anadan olan Vüqar Tahirov 2017-ci ildən bir çox incəsənət layihələrində müxtəlif vəzifələrdə işləyib. Digər layihələrində də müxtəlif illərdə beynəlxalq film festivallarında uğurlar qazanıb. Bunlara tammetrajlı film "Don Marleone" (2017) , "Amerikasayağı Karantin" (2020), qısametrajlı filmlər "Fabric OF Life" (2018), "Let Me Run" (2019), "Mo Better" (2023), "Sidewalk Stories" (2024), animasiya filmi "Shadowless People" (2022), musiqi videoları "Fade" (2024) və "Morning Sun" (2024) kimi layihələr aiddir.