“Hyundai” avtomobillərinin ölkəmizdəki rəsmi distributoru “AUTO Azərbaycan” şirkəti 7-ci nəsil tam yeni “Grandeur” və “Sonata” modellərinin rəsmi təqdimat mərasimini keçirib. Fevralın 29-da baş tutan mərasimdə tanınmış incəsənət nümayəndələri, avtomobil sektorunun sayılıb-seçilən simaları və media nümayəndələri iştirak ediblər.
Tanınmış telejurnalist, aparıcı Ceyhun Əlinin qonaqları salamlama nitqindən sonra “AUTO Azərbaycan” şirkətinin direktoru Emil İsmayılov, avtomobil sektorunda baş verən ən son dinamik tendensiyalar, şirkətin ölkəmizdəki 30 illik fəaliyyəti, dost Koreya ilə siyasi, iqtisadi əlaqələr və “Hyundai” brendinin istər qlobal və istərsə də ölkəmizdəki uğurları haqqında məlumat verib. Həmçinin şirkət direktoru Emil İsmayılov nitqində “Grandeur” və “Sonata” modellərinin ölkə alıcılarının ən çox rəğbət göstərdiyi modellərdən olduğunu vurğulayıb.
Tədbir zamanı, “Hyundai” markasının ölkəmizdə 2010-cu ildən həyata keçirdiyi “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım”, “Yaşıl ofis”, “Zolağı Pozma”, “Uşaqlar üçün yol hərəkəti qaydaları kitabçası”, “Parlaq gələcək naminə qaç”, “Hyundai Run” və s. KSM layihələri və eləcə də, “Hyundai” markasının 2045-ci ilə qədər 0 emissiya karbon neytrallığı brend dünyagörüşü ilə bağlı məlumatlar verilib.
Daha sonra “Hyundai Rusiya” regional ofisinin direktoru Kanq Byunq Jeon qonaqlara “Salam Aleykum” deyərək nitqinə başlayıb və “AUTO Azərbaycan” şirkəti ilə “Hyundai” markasının 30 ilə yaxın davam edən partnyorluğundan məmnunluq hissini bildirib.
Tədbir son zamanlar hər mahnısı, buraxdığı albomları və klipləri ilə çox bəyənilən, mahnıları məşhur musiqi platformalarında top 10-luğa düşən bəstəkar və müğənni AİSEL-in musiqi şousu ilə davam edib.
Rəsmi çıxışlar və AİSEL-in çıxışı bitdikdən sonra ölkənin ən istedadlı yaradıcı heyətinin, ən qabaqcıl işıq üzrə rəssam, qrafistlərin və musiqiçilərin iştirakı ilə Azərbaycanda ilk dəfə avtomobil təqdimatı üçün özəl bəstələnmiş musiqili şou ilə “Grandeur” və “Sonata” modelləri ictimaiyyətə təqdim olunub. Bu musiqi gənc Azərbaycan musiqiçiləri tərəfindən yazılıb və ifası zamanı milli alətlərimiz - tar və tütəkdən istifadə olunub.
Daha sonra “AUTO Azərbaycan” şirkətinin Marketinq departamentinin müdir müavini Tural Məmmədov səhnəyə çıxaraq qonaqları salamlayıb və modellərlə bağlı ətraflı məlumat paylaşıb. Tural Məmmədov çıxışında “Grandeur” modelinin “Hyundai” brendinin flaqman sedanı olduğunu və bu modelin 1986-cı ildə ilk debütündən bu yana Koreya sedan bazarında liderlik etdiyini vurğulayıb.
7-ci nəsil tam yeni “Grandeur” modeli 2023-cü ilin 24 aprelində “2023 Red Dot” Dizayn Mükafatını qazanaraq dünya səviyyəsində dizayn liderliyini təsdiqləyib. Modelin ən diqqətçəkən cəhətlərindən biri “Sameless Horizon” dizayn fəlsəfəsinə əsaslanan üfüqi istiqamətdə uzanan işıq texnologiyasıdır. Bu işıq texnologiyası, ön hissədə parametrik zərgər işləməli radiator barmaqlığı ilə birləşərək modelin iri həcmi və qabağındakı duruşu ilə diqqət çəkir. Bu işıq sistemi, modelin yan və arxa hissələrində də uzanaraq bütün dizaynı tamamlayır.
Ölkəmizdə modelin 1,6 turbo hibrid mühərriklə “Calligraphy” və “Standart” komplektasiya seçimləri mövcuddur. Turbo hibrid mühərriklə 180 at gücü təmin edir. Yeni nəsil “Grandeur” modelinin bir spesifik xüsusiyyəti də, ötürmələr qutusunun sükan çarxının arxasında olmasıdır.
Yeni dizaynda təqdim olunan “Sonata” 2019-cu ildə buraxılmış 8-ci nəsil modelinin imicini dəyişdirib. İdman üslubunda aşağı əyilmə, aqressiv kupeyəbənzər dizaynı, sinifdə lider xüsusiyyətləri və gələcəyə yönəlmiş innovativ yenilikləri ilə mütərəqqi bir model kimi yenidən doğulub. Ümumiyyətlə, bu dizayn “Hyundai” şirkətinin “Sensuous Sportiness” adlandırdığı həssas idman üslubunu təcəssüm etdirir. “Hyundai” imzası olan “Sameless horizon” işıq texnologiyası, üfüqi istiqamətdə uzanaraq geniş radiator barmaqlığı ilə birləşir və modelin ön hissəsini daha dinamik və aqressiv görünüşlü edir. Arxa tərəfdə yeni “H-tail” işıq sistemi “Sonata”nın geniş mövqeyini və yüksək texnologiyalı xüsusiyyətlərini təmin edir və dizaynı tamamlayır.
İdman üslubunda eksteryer görünüşünə uyğun olaraq, yeni “Sonata”nın interyeri müasir həyat tərzini dəstəkləyən yüksək texnoloji detallarla sürücü mərkəzli tərtibatı təmin edir. 12,3 düym rəqəmsal alətlər paneli, audio-video naviqasiya sistemi, alətlər panelinin alın şüşəsinə proyeksiyasını təmin edən 12 düym “Head up display”, 12 ədəd “Bose Premium” səs sistemi və digər bir çox xüsusiyyətlər, sürücülərə rəqəmsal təcrübə bəxş edir. Yeni “Sonata” modeli ölkəmizdə 2,0 hibrid və benzinli mühərrik komplektasiya seçimləri ilə təklif olunur.