Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığının VACİBLİYİ
Təhsil sisteminin başlanğıc pilləsi olan məktəbəqədər təhsil uzun zaman cəmiyyətimiz və qurumlarımız tərəfindən lazımi dəstəyi görməyib. Bu, həm məktəbəqədər təhsilin önəmi haqqında biliklərə sahib olmaması, həm də maddi-texniki imkanların zəifliyi ilə əlaqədar olub. Lakin əminliklə deyə bilərik ki, xüsusilə özəl sektorun dəstəyi ilə hazırda vəziyyət xeyli yaxşılaşıb.
Məktəbəqədər təhsilin önəmi ilə bağlı "Bağçam" uşaq bağçaları şəbəkəsinin qurucusu Rasif Dünyamalıyevlə söhbətləşdik.
- Rasif bəy, gəlin elə əvvəlindən başlayaq. Məktəbəqədər təhsil niyə vacibdir?
Məktəbəqədər təhsil uşaqların həm qayğısını, rifahını, inkişafını, həm də təlim və tədrisini təmin etdiyi üçün onların böyüməsində kompleks şəkildə iştirak edir. Həmçinin qeyd edim ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların inkişafının başlanğıcında qeyri-bərabərliyi aradan qaldırır. Bu qeyri-bərabərlik sonrakı təhsil pillələrində də çox az formada özünü göstərir və cəmiyyətin sosial-iqtisadi təbəqələşməsində kəskin fərqlərin yaranmasına maneə olur.
Məktəbəqədər təhsil uşaqların sağlamlıq imkanlarının da yüksəlməsinə müsbət təsir edir. 1-6 yaş aralığında uşaqların mütəxəssis müşahidəsində olması imkanları zəifdir və ona görə də onların sağlamlıq imkanlarında sonrakı yaş dönəmlərində problemlər ortaya çıxır. Məhz uşaqların məktəbəqədər təhsil müəssisələrində olması peşəkar inkişaf mütəxəssislərinin (pedaqoq, psixoloq, metodist və s.) davamlı onları müşahidə etməsinə imkan yaradır. Bu da uşaqların fiziki göstəricilərinin izlənilməsinə və uşaqların inkişaf göstəricilərində hər hansı yayınmalar olduğu zaman valideynlərin məlumatlandırılmasına səbəb olur.
- Məktəbəqədər təhsilin uşaqların gələcəkdə iqtisadi imkanlarını artırdığı da deyilir. Bu fikri necə əsaslandırırsınız?
Məktəbəqədər təhsilin uşaqların birbaşa gələcəyinə təsirinin iqtisadi əsaslandırılmasını amerikalı alimlər J.Hackmen və J.L.Garcia tədqiq ediblər. Onların tədqiqatın sonunda gəldikləri nəticələr bizi də təəccübləndirir. Belə ki, tədqiqat nəticələrinə görə, məktəbəqədər təhsilə cəlb olunan uşaqların gələcəkdə gəlirləri digər uşaqlarla müqayisədə 24 % artıq olur. Həmçinin məktəbəqədər təhsilə cəlb olunan uşaqların sağlamlıqları, təhsilləri və digər xərcləri 14 %-dək azalır.
Məktəbəqədər təhsilin uşaqlara təsiri onların gündəlik həyatına baxdığımız zaman daha real görünür. Çünki məktəbəqədər təhsil uşaqların həyatında ilkin vərdişlərin formalaşması üçün vacibdir. Bu vərdişlər sonrakı həyatlarında onların seçimlərində təməl rolunu oynayır və davranışlar, ən son hədəfdə isə dəyərlər formalaşdırır.
- Məktəbəqədər təhsil müəssisələrinə özəl sektorun dəstəyini necə qiymətləndirirsiniz?
Müasir dünya nizamına əsasən dövlət sosial problemlərin həllində daha çox əlaqələndirici rolunda çıxış edir, nəinki xidmət göstərən. Bu, dövlətin xidmət müəssisələri qurması əvəzinə mövcud xidmət müəssisələrinin özəl sektor tərəfindən qurulmasını təşviq etməyi və adambaşı maliyyələşmə yolu ilə xidmətə ehtiyacı olanları həmin özəl xidmətlərə yönləndirməyi mənasını verir. Bu siyasət həm özəl sektorun inkişafına, yeni iş yerlərinin açılmasına, həm də dövlət xərclərinin nizamlanmasına, optimallaşdırılmasına səbəb olur.
Həmçinin özəl investisiyaların təşviq olunması innovasiyaların tətbiq olunmasına, yeniliklərin ölkəyə gətirilməsinə də təkan verir. Belə ki, özəl müəssisələrdə pilot layihələrin tətbiqi daha az maliyyə tələb edir və daha operativliyə imkan yaradır. Ona görə də özəl investisiyaların cəlb olunması müasir bazar iqtisadiyyatının əsas tələblərindən biridir.
Statistik məlumatlarla tanış olduğumuz zaman, vəziyyətin heç də yaxşı olmadığını görürük. 2023-cü ilin məlumatına əsasən Azərbaycan respublikasında 1844 ədəd məktəbəqədər təhsil müəssisəsi (körpələr evi - uşaq bağçası) var. Bu müəssisələrdə 112.3 min 2-6 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb olunub. Mövcud müəssisələrin yalnız 8 %-i, yəni 148 ədədi özəl investisiyaların payına düşür. Bu rəqəm Türkiyədə mövcud müəssisələrin 50 %-i olmaqla 5352 ədədi formasındadır.
Məktəbəqədər təhsildə xüsusi yeri olan məktəbəhazırlıq və erkən inkişaf kursları ilə bağlı statistik məlumatlar isə əlimizdə olmadığı üçün dəqiq bir şey söyləmək çətindir. Amma onu qeyd etmək lazımdır ki, özəl investisiyanın geniş tətbiq olunduğu məktəbəhazırlıq və erkən inkişaf kursları ciddi şəkildə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsini artırmaqdadır.
Özəl investisiyanın məktəbəqədər təhsilə cəlb olunması dövlət üçün maraqlı olmasına baxmayaraq, sahibkarlar üçün maraqsızdır. Bunun səbəbi məktəbəqədər təhsil müəssisələrinin marjasının digər biznes sahələrinə nisbətən aşağı olmasıdır. Həmçinin bu sahədə ciddi lisenziya şərtlərinin olması və lisenziya verilməsi üçün tələb olunan normativlərin həddindən artıq ağır olması da sahibkarların qarşısında duran maneədir.
- Məktəbəqədər təhsil sahəsində daha nələrin təkmilləşməsinə ehtiyac görürsünüz?
Digər inzibati məsələ özəl məktəbəqədər təhsil müəssisələrinin qeydiyyat prosesinin mərkəzləşməməsi və standartlaşmamasıdır. Bu gün sahibkar özəl məktəbəqədər təhsil müəssisəsi qeydiyyatdan keçirmək üçün 2 quruma müraciət etməli və ən az 30 gün sərf etməlidir.
Özəl məktəbəqədər təhsil müəssisələri arasında əməkdaşlığın olmaması, bu əməkdaşlığı dəstəkləyən və şərait yaradan peşəkar qurumların olmaması və tənzimləyici qurum tərəfindən özəl məktəbəqədər təhsil müəssisələrin inkişafına dəstək göstərilməməsi də özəl investisiyanı demotivasiya edən faktordur.
Məktəbəqədər təhsilə özəl investisiya cəlb etmək üçün etməli olduğumuz bəzi məqamlar var. İlk öncə məktəbəqədər təhsil müəssisələrinin qeydiyyatında diversifikasiyanı həyata keçirmək və hər məktəbəqədər təhsil müəssisəsinin tipinə uyğun qeydiyyat standartları hazırlamaq lazımdır. Bu məsələni həll etdiyimiz zaman məktəbəqədər təhsil müəssisəsi açmaq istəyən şəxs onlayn resurslardan istifadə edərək müraciət edərək 3 iş günü ərzində qeydiyyat sənədlərini əldə edir.
Həmçinin bu dəyişikliklə paralel olaraq, təhsil müəssisələrinin qurulması ilə bağlı normativləri özündə əks etdirən Nazirlər Kabinetinin 171 saylı qərarı dəyişdirilməlidir. Bu normativlər təhsil müəssisələrinin lisenziya alınması zamanı sahibkarların qarşısında duran əsas çətinlikdir. Çünki qərarda əks olunan normativlər müasir dünyanın memarlıq, tikinti və təmir normalarına uyğun deyil və məktəbəqədər təhsil müəssisələrinin yalnız 1 növünü tanıyır. Müasir dünyada isə məktəbəqədər təhsil müəssisələrinin yerləşmə, işləmə, rejim xidmətlərinə görə müxtəlif növləri mövcuddur, amma bunlar, Normativdə özünü əks etdirmir.
Bunlarla yanaşı, özəl investisiyanın bu sahəyə cəlb olunması üçün yeni məktəbəqədər təhsil müəssisələri modelləri yaradılmalıdır. Bunlara nümunə olaraq, həyətyanı sahəsi olmayan 8 saatlıq iş qrafiki və 50 nəfərlik 3-6 yaşlı və ya 30 nəfərlik 1-3 yaşlı uşaqlara xidmət göstərən yaşayış komplekslərində yerləşən 300 m2 sahədə fəaliyyət göstərən şəhər tipli məktəbəqədər təhsil müəssisələrinin qurulmasını göstərə bilərik. Bu tipli modellər az investisiya ilə qısa müddətdə müəssisələr yaradılmasına imkan yaradır və məktəbəqədər təhsil ehtiyacını ödəməyə imkan verir.
Məktəbəqədər təhsil sahəsində özəl investisiyanın cəlb olunmasında əsas faktorlardan biri olan dövlət - özəl əməkdaşlığı nümunələrin çoxalması vacibdir. Bu əməkdaşlığın başında isə məktəbəqədər təhsil müəssisələrində uşaqların adambaşı maliyyələşməsi (vauçer sisteminin) mexanizminin qurulması vacibdir. Bu mexanizm işlədiyi zaman dövlət qurumları ehtiyac olduğu ərazilərdə özəl müəssisələrə sifariş verə biləcək.
- Məktəbəqədər təhsildə dövlət - özəl əməkdaşlığı necə qurulmalıdır?
Bununla yanaşı dövlət - özəl əməkdaşlığı nümunəsi olaraq, ortaq idarəetmə layihələrinin həyata keçirilməsi də özəl investisiyaların cəlb olunmasına dəstək ola bilər. Təmirə ehtiyac olan dövlət məktəbəqədər təhsil müəssisələrinin təmiri özəl investisiya hesabına həyata keçirilə bilər və bunun qarşılığında həmin müəssisə 10 il müddətində idarəetməsinə verilə bilər. Bu müddət ərzində isə dövlət həmin müəssisəyə sifariş verə bilər.
- Rasif bəy, bu yaxınlarda Elm və Təhsil Nazirliyi özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edib. Bu müsabiqənin faydasını nədə görürsünüz?
Elm və Təhsil Nazirliyinin 11 İyul 2024-cü il tarixində elan etdiyi özəl məktəbəqədər təhsil müəssisələri üçün Qrant Müsabiqəsi çox təqdirəlayiqdir. Belə ki, bu qrant müsabiqəsi özəl uşaq bağçalarına birbaşa maliyyə ayrılmasını və dövlət uşaq bağçalarında yer olmadığı təqdirdə uşaqları özəl uşaq bağçalarına yönləndirməyi nəzərdə tutur. İlkin mərhələdə 1500 uşağın özəl uşaq bağçalarına yönləndirilməsi və hər bir uşaq üçün illik 2500 AZN dəyərində maliyyə ayrılması planlaşdırılır. Bu layihə vasitəsilə Elm və Təhsil Nazirliyi 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması nisbətini 50 %-ə çatdırmağı nəzərdə tutur.
İqtisadi baxımdan dəyərləndirdikdə özəl uşaq bağçaları üçün illik 2500 manat vəsait bir uşağın xərclərinin qarşılanması üçün yetərli vəsaitdir. Uşaq bağçasının icarəsi və mənfəəti ilə bağlı xərclər isə valideynlər tərəfindən əlavə qarşılanması daha məntiqli hesab olunur. Çünki özəl uşaq bağçaları bazarında mövcud olan subyektlərin normal fəaliyyəti üçün minimum 3500-4500 manat aralığında təhsil haqqı tələb olunur. Xərclər optimallaşdırıldığı zaman dövlət vəsaiti özəl uşaq bağçalarının inkişafına ciddi təkan verəcək, həmçinin yeni investisiyaları təşviq edəcəkdir. Buna görə də layihənin növbəti illərdə davam etməsi özəl uşaq bağçalarının sayının ciddi şəkildə artmasına və dövlət investisiya xərclərinin özəl sahə vasitəsilə azaldılmasına, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayının artmasına imkan yaradacaqdır.
- Rasif bəy, mövzumuzla bağlı son olaraq nə demək istərdiniz?
Məktəbəqədər təhsil milli məsələdir və hər bir tərəfin öhdəliyidir. Bu, dövlət və özəl, həmçinin ictimai sektorun birgə həll etməli olduğu işdir. Ona görə də hər kəs əl-ələ verib, hər tərəfin maraqları təmin olunmaqla əməkdaşlıq edərək çalışmalıdır. Bu, bizim millət olaraq, yeni hədəflərə çatmağımıza səbəb olacaqdır.