"Norm" ASC 2025-ci il üzrə audit olunmuş maliyyə nəticələrini açıqlayıb. Sözügedən ildə ölkədə sement bazarının 3.5% kiçilməsinə baxmayaraq, şirkətin satışdan gəliri əvvəlki illə müqayisədə 6.8% artaraq rekord həddə - 272.9 milyon manata, ümumi mənfəəti isə 2.1% artaraq 132.2 milyon manata çatıb. Şirkətin əməliyyat mənfəəti 80.1 milyon manat, vergiyəqədərki mənfəəti 66.4 milyon manat, mənfəət vergisi isə 16.6 milyon manat təşkil edib.
Gəlirin artımına şirkətin yeni biznes istiqamətləri də təsir edib. Belə ki, beton məhsullarının satışından əldə edilən gəlir 1.1 milyon manatdan 7.2 milyon manata yüksəlib, "Storm" brendi altında sement əsaslı quru qarışıqlar isə şirkətə ilk ildə 1.3 milyon manat gəlir gətirib. Hesabat ilində şirkət tərəfindən klinker məhsulunun Gürcüstana ixracı davam etdirilib, Türkmənistan və Özbəkistana isə quyu-tamponaj sementinin satışı həyata keçirilib. Beləliklə, 2025-ci ildə də "Norm" Azərbaycanın sement sənayesində aparıcı mövqeyini qoruyub saxlayıb.
"Norm Sement" zavodunun klinker istehsalı gücünü artıraraq gündəlik 6 500 tona çatdırmışıq. Bundan başqa, 2023-cü illə müqayisədə məhsulların keyfiyyət göstəriciləri qorunub saxlanılmaqla, klinker əmsalını 5% optimallaşdırmışıq ki, bu da bizə 76 000 ton klinkerə qənaət etməyə imkan yaradıb. Bu optimallaşdırma sayəsində CO₂ emissiyasının 54 000 ton aşağı salınmasına nail olmuşuq. Karbon izimizin azaldılmasını Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının "Xalis Sıfır" Yol Xəritəsinə uyğun şəkildə həyata keçiririk. İnşaat sektorunun ehtiyaclarına cavab verərkən fəaliyyətimizi dayanıqlı inkişafa sadiqlik prinsipi üzərində qurmaq bizim üçün prioritetdir. Bu yanaşmanı sement istehsalı ilə yanaşı, "Norm Beton" brendi ilə beton məhsullarının, "Storm" brendi ilə sement əsaslı quru qarışıqların istehsalında da tətbiq edirik. Ötən ilin dekabrından etibarən isə yeni brendimiz "Norm Logistics" müştərilərə nəqliyyat xidmətləri göstərir və biz logistikada da ekoloji yanaşmanı qoruyub saxlayırıq. Sement istehsalından digər inşaat materialları və əlaqəli xidmət sahələrinə doğru fəaliyyətimizi genişləndirməklə, regionun aparıcı inşaat materialları istehsalçısına çevrilməyi qarşıya məqsəd qoymuşuq", - deyə şirkətin baş direktoru (CEO) Henning Sasse qeyd edib.
2025-ci il üzrə maliyyə göstəriciləri barədə məlumatın açıqlanması zamanı şirkətin Maliyyə və Strategiya üzrə baş direktor müavini Elvin Mirzəyev əlavə edib: "2025-ci il şirkət strategiyasının real nəticələr hasil etdiyi il oldu. Belə ki, tikinti materialları seqmentində strateji təşəbbüslərə 57 milyon manata yaxın sərmayə qoyuldu. Sərmayəni həm istehsal fəaliyyətimiz, həm də ehtiyatla strukturlaşdırılmış borc vəsaitləri hesabına təmin etdik. Bu da 2024-cü ildə qeydə alınmış yüksək mənfəət səviyyəsi ilə müqayisədə 2025-ci ildə vergiyəqədərki mənfəətin aşağı düşməsinin başlıca səbəbidir. Bu sərmayələr şirkətimizin uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və inşaat materialları istehsalçısına çevrilmək hədəfimizi dəstəkləyir. Bununla belə, "Norm" ölkənin ən iri vergi ödəyicilərindən biri olaraq qalır və eyni zamanda, sosialyönümlü layihələrə əhəmiyyətli resurs ayırmağa davam edir. 2025-ci ildə şirkətin korporativ sosial məsuliyyət layihələrinə xərclədiyi vəsait 5.2 milyon manat təşkil edib".
"Norm" ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan "NEQSOL Holding"in tərkibinə daxildir.