"Müəyyən ediləcək əməliyyat çətinliklərinin həllinə startapların cəlb edilməsi zamanı ilk növbədə yerli startaplara üstünlük veriləcək".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən "Plug and Play × İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi - Sahə üzrə innovasiya çağırışı" innovasiya vörkşopu çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Taleh Kərimli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABŞ-nin "Plug and Play" şirkətinin birgə əməkdaşlığı çərçivəsində keçirilir.
"Bugünkü tədbirin əsas məqsədi innovasiya fəaliyyətlərinin dövlət qurumlarında və dövlət şirkətlərində tətbiqini təşviq etməkdir. Tədbir çərçivəsində Bakı Metropoliteni və Azərbaycan Dəmir Yolları ilə birlikdə onların real əməliyyat çətinliklərini müəyyən edəcəyik. Daha sonra həmin çətinliklərə uyğun olaraq startapları və böyük texnologiya şirkətlərini onların həllinə yönəldəcəyik", - Taleh Kərimli bildirib.
Onun sözlərinə görə, bu cür vörkşopların əsas məqsədi innovasiyanın yalnız müzakirə səviyyəsində qalmasının qarşısını almaq və innovativ həlləri konkret problemlərin aradan qaldırılmasına yönəltməkdir.
T.Kərimli qeyd edib ki, "Plug and Play" korporativ innovasiyalar sahəsində geniş beynəlxalq təcrübəyə malikdir.
O bildirib ki, tədbirin ilkin mərhələsində Bakı Metropoliteni və Azərbaycan Dəmir Yollarının sahə üzrə ekspertləri və əməkdaşları prosesə cəlb olunublar.
"Əsas məqsədimiz onların əməliyyat çətinliklərini müəyyənləşdirmək və həmin problemlərə innovativ layihələr və startaplar vasitəsilə həll tapmaqdır. Bu gün və sabah keçiriləcək tədbirlər çərçivəsində həmin çətinlikləri müəyyən edəcəyik. Bundan sonra problemlərə uyğun startapların cəlb olunması nəzərdə tutulur", - o deyib.
T.Kərimli vurğulayıb ki, bu prosesdə yerli startaplar prioritet təşkil edəcək.
"Əgər müəyyən edilmiş problemə uyğun yerli startap varsa, ilk növbədə ona üstünlük veriləcək. Yerli startap olmadığı halda regional startaplara müraciət edəcəyik. Regional səviyyədə də uyğun həll tapılmasa, qlobal startapları və texnologiya şirkətlərini həmin problemlərin həllinə cəlb edəcəyik", - deyə Taleh Kərimli əlavə edib.
Qeyd edək ki, "Plug and Play × IDDA - Industry Challenges" tədbiri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Plug and Play" şirkətinin birgə təşkilatçılığı, "AZCON Holding"in portfel şirkətlərinin iştirakı ilə keçirilir. Tədbirin məqsədi Azərbaycanın əsas nəqliyyat və infrastruktur qurumlarının qarşılaşdığı çağırışların innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanlarını müzakirə etmək, həmçinin innovasiya üzrə yol xəritələrinin formalaşdırılmasıdır.