Kanadada həkimlərin əqidəli xristian olan 83 yaşlı xəstə Briqit Şteqemannı onun iradəsinə zidd olaraq Kanadanın Ölümə Tibbi Yardım sistemi (Medical Assistance in Dying, MAiD) çərçivəsində həyatdan məhrum etdikləri iddia olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" nəşri qadının nəvəsi Briqit Kranendonka istinadən məlumat yayıb.
Onun sözlərinə görə, proseduru həyata keçirən mütəxəssislər mədə xərçəngindən əziyyət çəkən yaşlı qadının həssas vəziyyətindən sui-istifadə ediblər. Eyni zamanda, Kranendonkun sözlərinə görə, tibbi müdaxilə xəstənin razılığı olmadan həyata keçirilib.
"O, zəif idi və onlar bunda hərəkətə keçmək üçün bir fürsət gördülər", - deyə nəvə bildirib.
O hesab edir ki, MAiD prosedurunu həyata keçirən mütəxəssislər yersiz dünyagörüşü motivlərini əsas götürüblər və faciəyə səbəb olan halların araşdırılmasını zəruri sayır.
Kranendonkun sonradan öyrəndiyinə görə, tibb işçilərinə xəstələri MAiD proseduruna sövq etmək qəti şəkildə qadağandır və prosedur üçün tələb olunan bütün sənədlər ölüm tarixi təyin edilməzdən əvvəl rəsmiləşdirilməlidir. Onun iddiasına görə, prosedur üçün sənədlər Şteqemannın ölümündən sonra tərtib edilib.
"Prosedurun həyata keçirildiyi günün səhəri o, buna razılıq verməmişdi", - deyə Kranendonk əlavə edib.
Belvill şəhərindəki "The Pearl" qocalar evində qayda pozuntuları ilə və xəstənin açıq razılığı olmadan həyata keçirildiyi iddia edilən bu evtanaziya hadisəsi Kanadada qalmaqala səbəb olub.
Hazırda Kranendonk iyulun 10-da səhər saatlarında qocalar evində baş verənlərin qanuni olub-olmadığını aydınlaşdırmaq məqsədilə Ontario baş koronerinin ofisindən, xəstə hüquqları üzrə ombudsmandan və şəhər polisindən izahat almağa çalışır.
Belvill polisinin nümayəndəsi "The Daily Mail"ə bildirib ki, insidentin təfərrüatları ilə bağlı cinayət axtarış şöbəsi tərəfindən araşdırma aparılır.