ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində "Cessna 550" kiçik təyyarəsi yaşayış məntəqəsi ərazisində qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" nəşri məlumat verib.
Məlumata görə, qəza nəticəsində San-Dieqonun şimalındakı Merfi Kanyon rayonunda təxminən 15 ev yanıb.
"Hadisə yerinə aviasiya yanacağı tökülüb. Bizim əsas məqsədimiz bütün evləri yoxlamaq və insanları çıxarmaqdır", - deyə yerli yanğınsöndürənlərin nümayəndəsi Den Eddi bildirib.
O qeyd edib ki, təyyarə bir neçə evi dağıdıb.
Bildirilib ki, hadisə zamanı San-Dieqoda olduqca qatı duman olub.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur. Həmçinin qəzaya uğrayan təyyarənin göyərtəsində neçə nəfərin olduğu da bəlli deyil.
Qeyd edildiyinə görə, qəzaya uğrayan təyyarənin modeli səkkiz nəfərə qədər sərnişin daşıya bilir.