Vaşinqton Əbu-Dabidə (BƏƏ) keçiriləcək danışıqlar zamanı sülh sazişinin əldə olunacağına ümid bəsləmir, lakin Rusiya və Ukraynanın münaqişənin həllinə dair mövqelərini dəqiqləşdirməyi hədəfləyir.
Oxu.Az-ın məlumata görə, bu barədə "CBS News" telekanalının müxbiri Cennifer Ceykobs amerikalı məmura istinadən bildirib.
"ABŞ Əbu-Dabi danışıqlarında münaqişəni həll etməyi gözləmir, lakin hər bir tərəfin öz mövqeyini dəqiqləşdirməsini istəyir ki, sonradan kompromis variantları axtarmaq mümkün olsun", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində Əbu-Dabi danışıqlarının münaqişənin həllində irəliləyişə nail olmaq üçün imkan yaratdığını bəyan etmişdi. Əbu-Dabi danışıqlarında irəliləyişin mümkün olub-olmadığı sualına isə - "Mümkündür. Orada nə isə baş verə bilər", - deyə dövlət başçısı cavab vermişdi.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair danışıqların noyabrın 10-11-də keçirilməsi planlaşdırılıb. Görüşlər Əbu-Dabidə baş tutacaq.