"ShinyHunters" haker qruplaşması ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ilə əlaqəli bir neçə servisin sındırıldığını bəyan edərək, qurumun bütün əməkdaşları və işə qəbul üçün müraciət edənlər barədə məlumatları əldə etdiyini iddia edib.
Oxu.Az bu barədə "404 Media" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, hakerlər iddialarını sübut etmək üçün jurnalistlərə təxminən 5 000 FTB əməkdaşının məlumatlarını əks etdirən nümunə bazası təqdim ediblər.
Təqdim olunan faylda əməkdaşların yaşayış ünvanları, telefon nömrələri və doğum tarixləri yer alıb. Bəzi qeydlərdə hətta onların həyat yoldaşları barədə də məlumatların olduğu bildirilir.
Jurnalistlər əldə edilən məlumatların bir hissəsini yoxlayıblar və bəzi telefon nömrələrinin həqiqətən də faylda göstərilən şəxslərə aid olduğunu təsdiqləyiblər. Bu nömrələrin bir hissəsinin ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları ilə əlaqəli olduğu üzə çıxıb.