ABŞ hökuməti Filippinin sabiq prezidenti Rodriqo Dutertenin keçmiş müşaviri və dini lider Apollo Karreon Kiboloyun ekstradisiyası ilə bağlı Filippinə rəsmi sorğu göndərib.
Oxu.Az bildirir ki, bu barədə "Associated Press" agentliyi filippinli məmurlara istinadən məlumat verib
Kiboloyun ekstradisiyası üçün Filippində onun barəsində insan alveri və uşaqlara qarşı zorakılıq ittihamları üzrə işlərə baxan iki məhkəmənin razılığı tələb olunur. Məsələyə ABŞ və Filippin arasında 1994-cü ildə imzalanmış ekstradisiya müqaviləsi çərçivəsində baxılacaq.
76 yaşlı Apollo Kiboloy 1985-ci ildə Davao şəhərində təsis etdiyi "İsa Məsihin Krallığı" kilsəsinə rəhbərlik edir. Təşkilatın Filippində və xaricdə, o cümlədən ABŞ-də çoxsaylı tərəfdarlarının olduğu bildirilir.
Kiboloy Rodriqo Dutertenin 2016-2022-ci illərdə prezident olduğu dövrdə ölkənin ən nüfuzlu dini liderlərindən biri və onun yaxın müttəfiqlərindən hesab olunurdu. O, özünü dəfələrlə "Tanrının seçilmiş oğlu" adlandırıb.
ABŞ prokurorluğu 2021-ci ildə Kiboloya uşaqların cinsi istismarı məqsədilə insan alveri, dələduzluq, çirkli pulların yuyulması və digər cinayətlər üzrə ittiham irəli sürüb. İstintaqın versiyasına görə, o, qadınları və azyaşlı qızları dini təzyiq və hədələrlə cinsi istismara məcbur edib.
Bu ittihamlardan sonra Kiboloy ABŞ Federal Təhqiqatlar Bürosunun ən çox axtarılan şəxslər siyahısına daxil edilib.
2024-cü ildə Filippin məhkəməsi onun barəsində insan alveri və uşaqlara qarşı cinsi zorakılıq ittihamları üzrə həbs qərarı çıxardıqdan sonra Kiboloy axtarışa verilib. O isə bütün ittihamları rədd edərək onların keçmiş dini icma üzvləri və tənqidçiləri tərəfindən uydurulduğunu bildirib.
Kiboloy 2024-cü ilin sentyabrında Davao şəhərində yerləşən kilsə kompleksində keçirilən genişmiqyaslı polis əməliyyatından sonra hökumət orqanlarına təslim olub. O, həmin vaxtdan etibarən həbsdə saxlanılır.