ABŞ-nin İrana qarşı keçirdiyi "Epik qəzəb" hərbi əməliyyatının ilk dörd ayı amerikalı vergi ödəyicilərinə 33.4 milyard dollara başa gəlib.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun baş müfəttişinin hesabatında bildirilir.
Qeyd olunub ki, bu məbləğin 22.3 milyard dolları sərf edilmiş döyüş sursatlarının, 7.4 milyard dolları əməliyyat üzrə digər xərclərin, 3.7 milyard dolları isə hərbi texnika itkilərinin payına düşüb. Zədələnmiş infrastruktura dəymiş ziyanın bərpası xərcləri bu qiymətləndirməyə daxil edilməyib.
Bu müddət ərzində ABŞ qüvvələri 36 000-ə yaxın döyüş uçuşu həyata keçirib və İrandakı təxminən 13 500 hədəfə zərbələr endirib.
Hesabata əsasən, fevralın 28-dən iyunun 30-dək davam edən əməliyyat zamanı yeddi amerikalı hərbi qulluqçu həlak olub, daha yeddi nəfər qeyri-döyüş hadisələri nəticəsində dünyasını dəyişib, 417 nəfər isə yaralanıb. İyul ayında daha dörd hərbi qulluqçu həlak olub.
Hesabatda texnika itkiləri arasında dörd "F-15E" qırıcı təyyarəsi, 30-a yaxın "MQ-9" pilotsuz uçuş aparatı və bir "AH-64" helikopteri göstərilib. Bundan əlavə, yeddi "KC-135" yanacaqdolduran təyyarəsi zədələnib və ya məhv edilib.
Eyni zamanda, ABŞ Konqresinin Büdcə İdarəsinin hesabatında bildirilir ki, İranla münaqişə amerikalılara hər ay 2-3 milyard dollara başa gələcək, müharibənin ilk beş ayına isə artıq 38 milyard dollar sərf olunub.
Qurumun analitikləri hesab edirlər ki, Vaşinqton administrasiyası tərəfindən tələb olunan ümumi hərbi xərclərin yarısından çoxu münaqişəyə xərclənib. İdarə, həmçinin təsdiqləyib ki, müharibə ABŞ-nin silah ehtiyatlarının, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün kritik dərəcədə vacib olan tutucu raketlərin tükənməsinə gətirib çıxarıb.