ABŞ-nin İrana qarşı keçirdiyi hərbi əməliyyat Vaşinqtona təxminən 40 milyard dollara başa gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalına Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş məsləhətçisi Mark Kansian yaxın vaxtlarda dərc olunacaq araşdırmanın nəticələrinə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu məbləğə döyüş sursatlarının dəyəri, məhv edilmiş texnikanın əvəzlənməsi və ABŞ bazalarına dəymiş ziyanın aradan qaldırılması üçün çəkilən xərclər daxildir. Əməliyyatın birbaşa icra xərcləri isə bu hesablamaya daxil edilməyib, çünki həmin xərclər artıq ABŞ Müdafiə Nazirliyinin 2026-cı maliyyə ili büdcəsində nəzərə alınıb.
CSIS-in məlumatına əsasən, əsas maliyyə yükü ABŞ Müdafiə Nazirliyinin üzərinə düşsə də, digər dövlət qurumları, o cümlədən Daxili Təhlükəsizlik Nazirliyi və Veteranlarla İşlər Nazirliyi üçün də münaqişənin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edib.
May ayında Pentaqon ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinə bildirmişdi ki, hərbi əməliyyatlara çəkilən xərclər artıq 29 milyard dollara çatıb. Bu məbləğə texnikanın təmiri, ehtiyatların bərpası və yenilənməsi, eləcə də ümumi əməliyyat xərcləri daxil idi.
Bununla yanaşı, hərbi əməliyyatlar fonunda ABŞ-də benzinin qiyməti də artıb. Yanacağın orta qiyməti bir qallon üçün 3 dollardan aşağı səviyyədən 4 dollardan yuxarı qalxıb.
Məlumatda qeyd olunur ki, Yaxın Şərqdən neft tədarükü artıq təxminən dörd aydır həyata keçirilmir. "Kpler" analitik şirkətinin hesablamalarına görə, münaqişə dövründə dünya bazarı ümumilikdə 1.15 milyard barel neftdən məhrum olub.
ABŞ Əmək Statistikası Bürosunun son məlumatlarına əsasən, enerji daşıyıcılarının bahalaşması səbəbindən ölkədə illik inflyasiya son üç ildə ilk dəfə 4 faizi ötüb. Hazırda ABŞ-də qiymətlər son bir ildə orta amerikalının əməkhaqqından daha sürətlə artır.