ABŞ və İran nümayəndələri arasında İsveçrənin Bürqenştok şəhərində keçirilən danışıqlarda İranın nüvə proqramı ilə bağlı razılaşmanın bütün əsas məsələləri müzakirə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri və İsrailin 12-ci televiziya kanalının jurnalisti Barak Ravid ABŞ diplomatik mənbəsinə istinadən məlumat yayıb.
ABŞ diplomatı bildirib ki, danışıqlarda diqqət atom razılaşmasının bütün tərkib hissələrinə yönəldilib. Tərəflər həmçinin qarşılıqlı anlaşma memorandumu üzrə məhsuldar müzakirələr aparıb və bütün iştirakçıların sənədin məzmununu eyni şəkildə başa düşməsini təmin etmək yollarını nəzərdən keçiriblər.
Məlumata görə, danışıqlarda Livanda atəşkəs rejiminə əməl olunmasının təmin edilməsi məsələsi də əsas mövzulardan biri olub.
Bildirilib ki, ABŞ və İran arasında siyasi rəhbərlik səviyyəsində keçirilən danışıqların iyunun 22-də başa çatacağı gözlənilir. Bundan sonra müzakirələrin texniki qruplar arasında davam etdirilməsi planlaşdırılır.
Barak Ravidin sözlərinə görə, tərəflər həm siyasi səviyyədə, həm də texniki qruplar çərçivəsində gələcək danışıqların davam etdirilməsi planını da müzakirə ediblər.