Vaşinqton Ukraynadakı diplomatik missiyasında kadr dəyişikliklərini davam etdirir. Bu, yay mövsümü ərzində ABŞ-nin müvəqqəti işlər vəkili postunda artıq ikinci əvəzləmədir.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.
ABŞ-nin Kiyevdəki diplomatik nümayəndəliyinin yeni rəhbəri Pod Hyuston olub. O, dünən Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edilib. Hyuston Ukrayna paytaxtına Nigerdən gəlib və bundan əvvəl orada da analoji vəzifəni icra edib.
Kiyevə təyinat almazdan əvvəl Hyuston Birləşmiş Ştatların Almaniya, İordaniya, Haiti və Serbiyadakı səfirliklərində fəaliyyət göstərib, həmçinin Cenevrədə BMT nəzdində iş təcrübəsinə malikdir.
Onun sələfi Sandra Audkirk bu ilin iyulun 17-də müvəqqəti işlər vəkili vəzifəsinə keçərək bu postda bir aydan bir qədər çox müddət ərzində çalışıb. İyunun sonunda isə həmin vəzifəni Culi Devis tərk etmişdi.
Mətbuat onun vəzifədən getməsini Ağ Evin hazırkı Administrasiyasının komandası ilə yaranmış fikir ayrılıqları ilə əlaqələndirirdi.