ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukrayna üçün hazırladığı və Kiyevə 28 bəndlik sülh planı ilə yanaşı təqdim etdiyi təhlükəsizlik zəmanətləri layihəsi "Axios" xəbər saytı tərəfindən əldə edilib və Ağ Ev mənbələri tərəfindən təsdiqlənib.
Oxu.Az xəbər verir ki, sənəd Moskvaya ciddi güzəştlər müqabilində Ukraynaya ABŞ və Avropa müttəfiqləri tərəfindən NATO-nun 5-ci maddəsinə bənzər misilsiz öhdəliklər təklif edir.
Layihədə deyilir ki, Rusiyanın atəşkəs xətti üzərindən həyata keçirəcəyi "əhəmiyyətli, qəsdən və davamlı" hücum transatlantik birliyin sülh və təhlükəsizliyinə təhdid kimi qəbul ediləcək. Belə bir vəziyyətdə ABŞ prezidenti Kiyev, NATO və Avropa tərəfdaşları ilə məsləhətləşdikdən sonra silahlı qüvvələrin istifadəsindən və logistik dəstəkdən tutmuş iqtisadi və diplomatik addımlara qədər lazımi tədbirlər haqqında qərar qəbul edə biləcək.
Sənəd mümkün pozuntuların qiymətləndirilməsi üçün birgə mexanizmin yaradılmasını nəzərdə tutur və Fransa, Almaniya, Böyük Britaniya, Polşa və Finlandiyanı əhatə edən NATO ölkələrinin iştirakını təsbit edir.
Zəmanətlər 10 il müddətinə nəzərdə tutulub və uzadıla bilər.
ABŞ-nin Ukraynada münaqişənin nizamlanması üzrə planı Birləşmiş Ştatların və Avropanın üzərinə müdaxilə öhdəliyi qoymur.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" (AP) mənbələrə istinadla yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsminin sözlərinə görə, saziş Birləşmiş Ştatların və ya Avropanın üzərinə münaqişəyə Ukraynanın tərəfində müdaxilə etmək öhdəliyi qoymur. Eyni zamanda, onlar təhlükəsizliyin bərpası üçün lazım olan tədbirləri müəyyən edəcəklər.
Daha əvvəl məlum olub ki, Avropa İttifaqı liderləri ABŞ-nin Ukraynada münaqişənin həlli planından narazıdırlar və əks-təklif hazırlayaraq bir neçə gün ərzində təqdim etmək istəyirlər.