İran ordusu ABŞ-yə məxsus Bəhreyndəki Şeyx İsa hərbi bazasının kritik infrastruktur obyektlərinə zərbələr endirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, əməliyyatın 26-cı mərhələsi çərçivəsində İran ordusuna məxsus zərbə PUA-ları ABŞ ordusunun Bəhreyndə yerləşən Şeyx İsa hərbi bazasındakı elektrik generatorlarını, naviqasiya sistemini, eləcə də inzibati və arxa cəbhə binalarını hədəfə alıb.
Məlumatda qeyd olunub ki, hücum nəticəsində bazanın kritik infrastruktur obyektlərinə zərbələr endirilib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə Amerika dronlarının və aviasiya yanacaq çəninin yerləşdiyi anqarlara zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu hadisə ilə bağlı SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi rəsmi açıqlama verib.
"Bu gün səhər saatlarında həyata keçirilən "Qələbə 2" əməliyyatı və təcavüzkara cavab tədbirləri çərçivəsində ABŞ-yə məxsus Əli əs-Salim aviabazasına hücum edilib. Zərbələr nəticəsində iki PUA anqarı, həmçinin helikopter və hərbi təyyarələr üçün nəzərdə tutulmuş yanacaq çəni sıradan çıxarılıb", - bəyanatda deyilir.
Korpusdan o da bildirilib ki, Birləşmiş Ştatlar bölgəni tam tərk edənə qədər Amerikanın hərbi obyektlərinə hücumlar dayandırılmayacaq.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 30-da Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə yerləşən obyektlərinə qarşı cavab zərbələri endiriləcəyi ilə bağlı sərt bəyanat verib. Bəyanat Amerikanın gecə vaxtı İran ərazisinə təşkil etdiyi silsilə hücumlarına reaksiya kimi təqdim olunub.
Oxu.Az xəbər verir ki, İranın xüsusi təyinatlı hərbi birləşməsinin rəsmi məlumatında deyilir:
"Qadir Allahın köməyi ilə işğalçı bu gün cəzalandırılacaq".
Daha öncə ABŞ-nin gecə saatlarında irimiqyaslı hərbi əməliyyat həyata keçirdiyi və bu zaman SEPAH-a məxsus onlarla obyektin hədəf alındığı bildirilmişdi. Hücum nəticəsində idarəetmə mərkəzləri, pilotsuz uçuş aparatları və raketlərin yerləşdirildiyi mövqelər, həmçinin sahil mühafizə sistemləri ilə dəniz infrastrukturuna ziyan dəyib.
Bununla belə, "The Wall Street Journal" nəşrinin ABŞ rəsmilərinə əsaslanaraq verdiyi məlumata görə, Vaşinqton böyük bir müharibənin başlanmasında maraqlı deyil. Nəşrin mənbələri bildirirlər ki, gecə həyata keçirilən hücumların intensivliyi yüksək olsa da, bu, regionda irimiqyaslı hərbi münaqişələrin yenidən alovlanması mənasına gəlmir.