Almaniyada 20-yə yaxın siyasətçi və mədəniyyət xadimi Almaniya Kansleri Fridrix Mertsin İsrailin İrana qarşı hərəkətləri ilə bağlı söylədiyi fikirlərə görə ona qarşı şikayət ərizəsini imzalayaraq prokurorluğa göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə "Berliner Zeitung" məlumat yayıb.
Şikayət Almaniya Baş Prokurorluğuna və Berlin Prokurorluğuna verilib.
Sənədin müəllifləri vurğulayırlar ki, Merts Almaniya Konstitusiyasında təsbit olunmuş "beynəlxalq qarşılıqlı anlaşma və sülh ideyası"nı pozub.
"Almaniya kansleri İsrailin Baş naziri Benyamin Netanyahudan sitat gətirib və İranın nüvə bombası yaratmasının qarşısının aldığını iddia edir. Lakin ABŞ kəşfiyyat xidmətləri bunu inkar edir. Netanyahu 2002-ci ildən, yəni artıq 23 ildir ki, İranın nüvə bombası üzərində işi başa çatdırmaq üzrə olduğu barədə bəyanatlar verir, lakin bu fakt öz təsdiqini tapmır", - şikayətin müəllifləri qeyd ediblər.