Məşhur psixoterapevt Anatoli Kaşpirovski sağlığında vəfatından sonra kremasiya olunmaq istədiyini bildirsə də, hazırda onun ənənəvi qaydada dəfn edilməsi məsələsi müzakirə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə mərhumun yaxın qohumu Yuri Mamayev "RİA Novosti"yə açıqlamasında bildirib.
"Anatoli Mixayloviç öz istəyini şəxsən mənə və oğlu Sergeyə çoxdan bildirmişdi. Onun arzusu bədəninin kremasiya edilməsi, yəni yandırılması idi", - deyə Mamayev bildirib.
O, həmçinin əlavə edib ki, Kaşpirovskinin ömrünün son illərində onun səhhəti ilə bağlı mediada və ictimaiyyətdə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Mamayevin sözlərinə görə, psixoterapevt mədənin onkoloji xəstəliyi fonunda inkişaf edən çoxsaylı orqan çatışmazlığı (poliorqan çatışmazlığı) səbəbindən dünyasını dəyişib.
Xatırladaq ki, Anatoli Kaşpirovski oktyabrın 3-də 87 yaşında vəfat edib.