Anatoli Kaşpirovski səhhətində kəskin pisləşmədən sonra təcili əməliyyat olunub. 86 yaşlı rusiyalı hipnozçu və ekstrasensə bədxassəli şiş diaqnozu qoyulub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Qeyd olunur ki, Kaşpirovski bu yaxınlarda qarnında şiddətli ağrılardan şikayətlənib. Onun vəziyyəti özünümüalicə fonunda pisləşib. Belə ki, evdə onun damarına içində antibiotiklər olan qarışıq yeridilib.
Xəstəxanaya yerləşdirildikdən sonra həkimlər təcili stentləmə proseduru keçirməli olublar. Anatoli Kaşpirovskidən nümunə götürülüb və biopsiya olunub, nəticədə onda onkoloji xəstəlik aşkarlanıb.
Məlumata görə, əməliyyatdan sonra psixoterapevtə yataq rejimi, diyet və onkoloq nəzarəti tövsiyə olunub. Öz "sağalma seanslarını" o, sentyabr ayına təxirə salıb.
Qeyd edək ki, SSRİ-də və onun hüdudlarından kənarda milyonlarla insan üçün Anatoli Kaşpirovskinin adı kütləvi hipnoz və sağlamlıq "şarjı" fenomeni ilə əlaqələndirilir. Öz seansları ilə o, televiziya ekranları qarşısında milyonlarla auditoriya və stadionda çox sayda tamaşaçı toplayırdı.