Bir neçə ton yükü daşımaq gücünə malik və qadağan edilmiş maddələrlə yüklənən yüzlərlə itisürətli kater davamlı şəkildə Avropa sahillərinə doğru hərəkət edirlər.
Oxu.Az xəbər verir ki, bu məlumat "Le Monde" nəşrinin Avropa və ABŞ-nin bəzi media orqanları ilə birgə həyata keçirdiyi təhqiqatın yekunlarına əsaslanır.
Nəşr qeyd edir ki, narkotacirlər Atlantik okeanında geniş bir təhvil-təslim şəbəkəsi qurmağa nail olublar. Katerlər açıq dənizdə, o cümlədən Kanar və Azor adaları yaxınlığında yük gəmilərini gözləyir, bundan sonra narkotik partiyalarını qəbul edərək Avropa sahillərinə daşıyırlar.
Bəzən katerlərin ekipajları həftələrlə qurudan min dəniz milindən artıq məsafədə qalırlar. Təminat ehtiyacları - yanacaq, içməli su və qida digər katerlər vasitəsilə onlara ötürülür. Bu cür yüksəksürətli bir katerin dörd tona qədər qadağan olunmuş yükü daşımaq imkanı var.
Keçmişdə cinayətkarlar çox vaxt narkotik paketlərini dənizə tullayır və sonradan onları başqa qayıqlar toplayırdı. Hazırda isə yüklər açıq dənizdə birbaşa yük gəmisindən sürətli katerlərə ötürülür. Məlumata görə, bir yükün Avropaya çatdırılması üçün orta hesabla üç belə yükləmə əməliyyatı həyata keçirilir.
İspaniyanın rəsmi qurumlarının açıqlamasına əsasən, təqribən 600-ə yaxın kater mütəmadi olaraq İspaniya və Portuqaliya ərazilərinə qaçaqmal daşıyır. Azor və Kanar adalarını birləşdirən bu xətt artıq "kokain magistralı" kimi tanınır.
2025-ci il ərzində Avropanın hüquq-mühafizə qurumları Dəniz Təhlili və Operativ Kəşfiyyat Mərkəzinin yardımı sayəsində 92 ton qanunsuz maddəni müsadirə ediblər. Lakin ekspertlərin ehtimalına görə, 700 tondan artıq yük nəzarətdən yayınmış ola bilər.
Təhlükəsizlik orqanları təsdiqləyir ki, Atlantik okeanına tam nəzarət etmək üçün kifayət qədər sürətli patrul katerləri və hava gəmiləri yoxdur. Qaçaqmalçıların istifadə etdiyi qayıqlar yüksək gücə malik mühərriklərlə təchiz olunublar. Onların heyəti əksər hallarda silahlı müqavimət göstərir. 2024-cü ildən bu yana aparılan əməliyyatlarda beş İspaniya və Portuqaliya polisi həyatını itirib, əlavə 14 nəfər isə xəsarət alıb.
"Qalqo" adlı xüsusi əməliyyat çərçivəsində Fransa hərbi qüvvələri beynəlxalq sularda qayığı saxlamaq məqsədilə ilk dəfə olaraq onun mühərrikinə snayper silahından atəş açıblar. Nəşr vurğulayır ki, bu presedent qeyri-qanuni dövriyyəyə qarşı mübarizə tədbirlərində ordunun iştirakının daha da artırılmasına yönəlmiş ilkin addım sayıla bilər.