Qara ayı ABŞ-nin Alyaska ştatında yerləşən "Elmenorf-Riçardson" hərbi bazasının ərazisinə daxil olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə yerli "KTUU" telekanalı məlumat yayıb.
Görüntüləri kameraya qeyd edilən vəhşi heyvan səhər vaxtı ticarət mərkəzinə daxil olub. O, daha sonra ərzaq mağazasına keçərək oradan bir şaftalı götürüb yeyib.
Hərbi obyekt rəsmisinin açıqlamasına əsasən, təbiəti mühafizə idarəsinin işçiləri heyvanı bazadan çıxararaq yenidən meşəyə yönləndiriblər. "Elmenorf-Riçardson" bazasının mətbuat mərkəzindən verilən məlumata görə, cari ilin may ayında zibil qutularının ayılar üçün əlçatmaz olan yeni modellərlə əvəzlənməsi yırtıcıların əraziyə daxil olma hallarını azaldıb. Lakin buna rəğmən, təhlükəsizlik tədbirləri çərçivəsində həmin vaxtdan bəri bazada yeddi ayı zərərsizləşdirilməli olub.