Litva Dövlət Sərhəd Mühafizə Xidmətinin əməkdaşları Belarus tərəfindən dövlət sərhədinin altından qazılmış yeraltı tunel aşkar ediblər.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidməti məlumat yayıb.
"Sərhədçilər tuneli Varena rayonu ərazisində aşkarlayıblar. Qazıntı sərhədin altından keçsə də, Litva tərəfində hələ ki çıxışı yox idi" , -məlumatda bildirilib.
Zəruri prosedurlar həyata keçirildikdən sonra yeraltı keçid torpaqla doldurularaq ləğv edilib.
Litva rəsmilərinin bildirdiyinə görə, bu tunel Belarus ərazisindən Litvaya keçməyə cəhd edən Asiya və Afrika mənşəli qanunsuz miqrantların daşınması üçün nəzərdə tutulubmuş.