ABŞ-nin San-Fransisko şəhərindəki federal məhkəmə "Claude" çatbotunun təlimi zamanı kitablarından qanunsuz istifadə olunduğunu iddia edən müəlliflərin qaldırdığı kollektiv iddia üzrə "Anthropic" şirkəti ilə 1.5 milyard dollarlıq təzminat razılaşmasını təsdiqləyib.
Bu barədə Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumatda vurğulanır ki, bu, hüquq sahibləri tərəfindən texnologiya şirkətlərinə qarşı qaldırılan onlarla məhkəmə işindən biridir və ABŞ-də razılaşma yekunlaşan ilk irimiqyaslı proses hesab olunur.
"Anthropic" şirkətinin baş məsləhətçisinin müavini Aparna Şridhar öz bəyanatında qeyd edib:
"Biz bu razılaşmanı 2025-ci ildə, süni intellektin kitablar əsasında öyrədilməsinin müəllif hüquqları haqqında qanuna əsasən, vicdanlı istifadə sayılmasına dair məhkəmə qərarından sonra əldə etdik və həmin qanun bu gün də qüvvədədir".
İddiaçı müəlliflərin hüquqlarını qoruyan vəkil Castin Nelson bu hadisəni tarixi tənzimləmə adlandırıb. Onun sözlərinə görə, "Anthropic"lə bağlanmış sazişi müəllif hüquqları tarixində ən böyük pul kompensasiyası kimi dəyərləndirmək mümkündür.
Yazıçılar sözügedən şirkətə qarşı iddianı 2024-cü ildə qaldırıblar. Onlar bildirirdilər ki, "Anthropic" süni intellekt modelini öyrətmək məqsədilə onların kitablarının pirat nüsxələrindən icazəsiz şəkildə istifadə edib. Bəzi müəlliflər və nəşriyyatlar bu kollektiv iddiaya qoşulmaqdan imtina edərək şirkətə qarşı ayrı-ayrılıqda məhkəməyə müraciət ediblər və həmin işlər üzrə hüquqi proseslər hələ də davam etməkdədir.