Çinin Foşan şəhərinin hökuməti sürətlə yayılan çikunqunya qızdırmasının qarşısını almaq məqsədilə xəstəliyin əsas daşıyıcısı ağcaqanadlara qarşı yeddigünlük məhvetmə kampaniyasına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər hökumətinin yaydığı rəsmi bəyanatda bildirilib.
Təxminən 10 milyon nəfər əhalisi olan Foşan şəhərini əhatə edəcək kampaniya bir həftə davam edəcək.
Ağcaqanadların açıq məkanda kütləvi məhvindən əlavə, yerli hakimiyyət vətəndaşlara evlərində də bu həşəratlara qarşı tədbirlər görməyi, pəncərələrə torlar çəkməyi və hər evdə xüsusi spirallar yandırmağı tövsiyə edib.
Foşan şəhərində çikunqunya qızdırması ilə bağlı səhiyyə sahəsində üçüncü səviyyəli fövqəladə vəziyyət elan olunub.
Qeyd edək ki, Çində səhiyyə üzrə dörd pilləli fövqəladə vəziyyət sistemi mövcuddur - birinci səviyyə ən yüksək, dördüncü isə baza səviyyə sayılır. Üçüncü (nisbətən yüksək) və dördüncü səviyyələr adətən şəhər miqyasında xəstəlik yayılarkən tətbiq olunur.
Çikunqunya qızdırmasının iyulun əvvəlində yayılmağa başlamasından bəri xəstəliyə yoluxanların sayı artıq 5 min nəfəri keçib.
"Çikunqunya" suahili dilində "bükən" mənasını verir. Bu ad, xəstəliyin güclü ağrılar və iflicə yaxın əzələ-skelet əlamətləri ilə müşayiət olunaraq insanı sözün əsl mənasında ikiqat etməsi ilə bağlıdır. Hazırda tibdə çikunqunya xəstəliyinə qarşı nə müalicə, nə də peyvənd mövcuddur. Yoluxmadan sonra 3-12 gün arasında inkubasiya dövrü keçir və xəstəlik qəfil yüksək qızdırma, üşütmə, bel və oynaq ağrıları, həmçinin səpgilərlə başlayır.
Çikunqunya - az tanınan xəstəlik olsa da, ÜST-nin məlumatına görə, artıq dünyada 119 ölkədə yayılıb və 5.6 milyard insana təsir göstərib.