ABŞ-nin 83 yaşlı sabiq prezidenti Co Bayden metastatik xərçənglə mübarizə aparır. Aparılan müalicələrdən sonra siyasətçinin səhhətində nəzərəçarpacaq dərəcədə zəifləmə müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Bildirilib ki, Bayden Oval kabineti tərk etdikdən bəri yalnız qohumları, köhnə dostları və köməkçilərindən ibarət dar bir əhatədə vaxt keçirir.
Mənbələr bildirir ki, ağır xəstəliyə qarşı aparılan müalicə sabiq Ağ Ev rəhbərinə kömək etsə də, prosedurların fəsadları onun bütün gücünü əlindən alıb.
Adı açıqlanmayan mənbələrin sözlərinə görə, prezidentlikdən sonrakı 18 ay Bayden üçün xəstəliklə mübarizə ilə keçib. Bununla da Ağ Evin keçmiş rəhbəri öz sələflərindən fərqlənib. Belə ki, onun kütləvi çıxışlarının qrafiki olduqca məhduddur, hələ də irimiqyaslı xeyriyyə və ya siyasi təşkilat yaradılmayıb, həmçinin prezident kitabxanası üçün vəsait toplanmayıb.
Nəşr qeyd edir ki, bu amillər onun dövlət başçısı kimi yaddaşlarda necə qalacağına təsir etmək imkanlarını getdikcə azaldır.