Polşanın Baş naziri Donald Tusk hesab edir ki, Almaniya "Şimal axını" qaz kəmərlərinin partladılmasında təqsirləndirilən şəxsləri təqib etməməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə "TVP World" telekanalı məlumat yayıb.
Baş nazirin fikrincə, təxribatı törədənlər deyil, kəmərin inşasını həyata keçirənlər günahlandırılmalıdır:
"Mən bu məsələ ilə bağlı fikrimi dəyişməyəcəyəm və düşünürəm ki, kəməri sıradan çıxaranlar yox, onu inşa edənlər utanmalıdırlar".
Eyni zamanda, Xorvatiyanın Pula şəhər məhkəməsi Almaniyanın "Şimal axını" və "Şimal axını - 2" qaz kəmərlərindəki partlayışlarda iştirakda şübhəli bilərək ekstradisiyasını tələb etdiyi Ukrayna vətəndaşının həbs edilməsi barədə qərar çıxarıb.
Daha əvvəl Almaniya Baş Prokurorluğu Xorvatiyada qaz boru kəmərlərinin partladılmasında iştirak etdiyi iddia edilən ukraynalı şəxsin həbs olunduğunu bildirmişdi. Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da "Şimal axını"nın üç xəttində və istismara verilməmiş "Şimal axını - 2" kəmərində dağıntılar qeydə alınmışdı. Rusiya Baş Prokurorluğu isə hadisə ilə bağlı beynəlxalq terror aktı maddəsi üzrə cinayət işinin başlanması təşəbbüsü ilə çıxış etmişdi.