Ermənistan İstintaq Komitəsi 14 nəfərin saxlanıldığını açıqlayıb.
Oxu.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ümumilikdə 90-dan çox ünvanda axtarış aparıb.
Axtarışlar zamanı ehtimal olunan cinayət planları ilə bağlı müxtəlif əşyalar və sənədlər aşkar edilib. Tapılanlar arasında silah və sursat, fəaliyyət planları, cəlb olunmuş şəxslərin siyahıları, metal əşyalar, pirotexniki vasitələr (petardalar və tüstü şaşkaları), hərbi təchizat, radio-rabitə qurğuları, pilotsuz uçuş aparatları (PUA), narkotikə bənzər bitki mənşəli maddələr olub.
Bundan əlavə, mümkün dövlət çevrilişindən sonra hökumət strukturlarında təyin ediləcək şəxslərin siyahısı da ələ keçirilib.
İstintaq materiallarına əsasən, müstəntiqin vəsatəti ilə işə nəzarət edən prokuror 16 nəfər barəsində cinayət təqibi başlanması barədə qərar verib. Onlardan 14 nəfər artıq saxlanılıb.

Ermənistanda müxalifətçilərin evlərində aparılan axtarışların nəticələrinə görə saxlanılanların ilkin siyahısı ortaya çıxıb. Siyahıda, arxiyepiskop Baqrat Qalstanyanla yanaşı, daha yeddi nəfər də var.
Oxu.Az bu barədə "Sputnik Ermənistan"a istinadla xəbər verir.
Bildirilir ki, saxlanılanlar separatçı rejimin "deputatı" David Qalstyan, ehtiyatda olan polkovnik Miqran Maxsudyan, "Daşnaksütyun" Partiyası Ali Orqanının üzvü İqor Sarqsyan, iş adamı Tiqran Qalstyan, aktivist Ara Rostomyandır. Saxlanılanlar arasında həmçinin diakonlar Qrayr və Movses də var.
Bundan əlavə, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) separatçı rejimin "parlament sədri" Aşot Danielyanın evində də axtarış aparıb.
Həmçinin, "ParaTV"nin direktoru Elizabet Petrosyan Erebuni istintaq şöbəsinə aparılıb. Onun evində də MTX əməkdaşları tərəfindən axtarış keçirilib. Qeyd olunur ki, Petrosyanın əri - hazırda ölkə xaricində olan iş adamı və "Hayastan" fraksiyasının sabiq deputatı Vaqe Akopyandır.
Təhlükəsizlik qüvvələri Ermənistanın "Müqəddəs mübarizə" müxalifət hərəkatının lideri, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunan arxiyepiskop Baqrat Qalstanyanı saxlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, din xadimi iqamətgahından çıxarılıb və avtomobilə mindirilərək naməlum istiqamətdə aparılıb.
"Sakit olun, hər şey yaxşı olacaq", - deyə Qalstanyan ona yaxınlaşmaq istəyən yoldaşlarına səslənib.
"Müqəddəs mübarizə" hərəkatının lideri Baqrat Qalstanyan və onun tərəfdarları Ermənistanda terror aktları törətmək və konstitusiyaya zidd yollarla hakimiyyəti ələ keçirmək niyyətində şübhəli bilinir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, qanuni yolla hakimiyyət dəyişikliyinə nail ola bilməyən Qalstanyan 2024-cü ilin noyabrından zorakı hərəkətlərə hazırlaşmağa başlayıb.
Onun bir sıra şəriklərinin qabaqcadan razılığı ilə terror aktları törətmək və hakimiyyəti konstitusiyaya zidd yolla ələ keçirmək üçün lazım olan vasitə və alətlər əldə etdiyi bildirilir.