"İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, Tehranın regiondakı ABŞ-nin sualtı kabellərini, məlumat emalı mərkəzlərini və süni intellekt obyektlərini məhv edə biləcəyini açıq şəkildə bəyan etdiyi zaman, bu, Vaşinqtona bir mesaj kimi səsləndi. Lakin bəyanatın əks-sədası Cənubi Qafqaza da çatdı, çünki burada eyni infrastruktur Qərb yurisdiksiyası altında sürətlə ortaya çıxır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yerevan speaks"in materialında bildirilib.
"Təhdid abstrakt (mücərrəd) deyil. 2026-cı ilin mart ayında İran dronları BƏƏ-dəki iki "Amazon AWS" məlumat mərkəzinə zərbə endirib, Bəhreyndəki obyekt isə yaxın partlayış nəticəsində zərər görüb - tarixdə ilk dəfə olaraq ictimai bulud infrastrukturu birbaşa hərbi zərbənin hədəfi olub. Britaniya RUSI-si (The Royal United Services Institute - Müdafiə Tədqiqatları üzrə Krallıq Birləşmiş İnstitutu) o zaman birbaşa olaraq bunu münaqişənin yeni mərhələsi adlandırıb. Başqa sözlə, İran sadəcə təhdid etmir - o, artıq ABŞ-nin hesablama güclərinə qarşı güc tətbiq edib.
Bu fonda Ermənistanın Hrazdan şəhərində "Firebird" məlumat mərkəzinin açılması press-relizlərdəkindən daha fərqli görünür. Layihə ilkin mərhələdə 5 milyard dollar dəyərində qiymətləndirilir, 2027-ci ilə qədər isə 40 milyard dollara çatacağı təxmin edilir, 6000-dən çox "Nvidia Blackwell" çipi və 70 000-ə qədər genişləndirilməsi planlaşdırılır. Faktiki olaraq isə bu, İranla həmsərhəd ölkədə yerləşən ABŞ infrastrukturudur", - deyə yazıda qeyd edilib.
"Həyəcan siqnalını isə ilk olaraq Tehran deyil, Moskva verdi. 2026-cı ilin oktyabrında Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, "Firebird" şirkəti ABŞ qanunvericiliyinə tabe olduğu üçün Qərb xüsusi xidmət orqanları tərəfindən İran, Rusiya və Orta Asiya dövlətlərinə qarşı kəşfiyyat üçün istifadə edilə bilər. "Firebird" "mülki məqsədlər" üçün istifadəni məhdudlaşdıran ixrac lisenziyalarına istinad edərək, ittihamları rədd edir. Lakin struktur problem olaraq qalmaqda davam edir: kritik rəqəmsal infrastruktur üçüncü yurisdiksiya altında xarici şirkət tərəfindən idarə edildikdə, rəqəmsal suverenlik məsələsi qaçılmazdır.
Tehran üçün məntiq daha da sadədir. Cənubi Qafqaz şimal təhlükəsizlik buferidir, İrəvan və Bakının rəqəmsal və nəqliyyat sahələrində ABŞ ilə yaxınlaşması isə İran sərhədlərinin sabitliyini şübhə altına alır. Rzai birbaşa Ermənistanın adını çəkməyib. Lakin onun "bir çox kabellər, məlumat mərkəzləri və süni intellekt obyektləri məhv ediləcək" formasında ifadəsi asanlıqla regiondakı istənilən ABŞ obyektinə ekstrapolyasiya edilir. Bu gün o, siyahıda yoxdur. Sabah olmayacağı isə fakt deyil", - deyə materialda bildirilib.