Filippinin şimal-qərb bölgələri güclü "Funq-Vonq" qasırğasına məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilir ki, qasırğa qurbanlarının sayı artaraq 18 nəfərə çatıb.
Təbii fəlakət bölgələrinə xilasedicilər cəlb ediliblər. Onlar dağıdılmış evlərin qalıqlarını araşdırırlar. Katanduanes, Şərqi Samar və Yeni Biskaya əyalətləri daha çox zərər çəkib. Məktəblər və əksər dövlət qurumları işləmir.
Filippin Prezidenti Ferdinand Markos ölkədə fövqəladə vəziyyət elan edib. Bu, noyabr ayı ərzində Filippinin məruz qaldığı ikinci güclü qasırğadır. Əvvəlki "Kalmaeqi" qasırğası 200-dən çox insanın həyatına son qoyub.
Bildirilir ki, hazırda "Funq-Vonq" qasırğası Tayvana yaxınlaşmaq üzrədir. Tayvan xilasediciləri üç mindən çox insanı təxliyə ediblər, ölkədə onlarca aviareys ləğv edilib.