Filippinin qərbində yerləşən Palavan əyalətinin sahil sularında bərənin yanması nəticəsində beş nəfər həyatını itirib, 80-dən çox insan isə itkin düşmüş hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Filippin Sahil Mühafizə Xidmətinə istinadla məlumat yayıb.
Bildirilib ki, hadisə "MV June Aster" adlı gəmidə qeydə alınıb. Sahil Mühafizə Xidmətinin mətbuat katibi Noemi Kayabyab DZXL radiostansiyasına açıqlamasında bildirib ki, bərənin qeydiyyat siyahısında 117 sərnişin və 17 heyət üzvü olub. Onlardan yalnız 42 nəfəri xilas etmək mümkün olub.
Agentlik vurğulayıb ki, itkin düşənlərin sayı gəmidəki insanların ümumi sayından ölümü təsdiqlənənlərin və xilas edilənlərin çıxılması yolu ilə müəyyən edilib.
Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, gəmidə yanğın Palavan əyalətinin Koron şəhərindən təxminən 1.2 dəniz mili (2.2 km) şimal-şərqdə başlayıb. Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.