Bəşər Əsəd rejiminə məxsus hərbi qüvvələr tərəfindən Suriyanın İdlib və Hələb vilayətlərinə qurudan və havadan zərbələr endirilib.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, son sutkalar ərzində Suriyanın şimalındakı İdlib və Hələb vilayətinin bombardman edilməsi zamanı 68 nəfər ölüb, 78 nəfər yaralanıb.
İdlibin Marret el Numan rayonunun mülki müdafiə qüvvələrinin rəsmisi Əbdüləziz Kiytaz agentliyə bildirib ki, Suriya ordusuna aid hərbi təyyarələrin motosikl bazarını bombalaması nəticəsində 27 mülki şəxs ölüb, 40 nəfər yaralanıb. Eyni zamanda Bəşər Əsəd rejiminə məxsus hərbi təyyarələrin Kafr Nabl rayonuna etdiyi hücumlar nəticəsində isə 12 nəfər ölüb, 23 nəfər yaralanıb.
Kiytazın məlumatına görə, Əsəd rejimi əsas zərbənin istiqamətinin Hələbdən İdlibə dəyişib.
Hələbin mülki müdafiə qüvvələrinin əməkdaşı Babiris Mişal Əsəd rejiminin Hələbin şərqi kvartalında hücum rejiminin davam etdiyini bildirib.
O qeyd edib ki, Firdevs və Miqyir rayonlarında sutka ərzində 4 nəfər, Sukkeri kvartalında isə beş nəfər, Kadi Askerdə daha iki suriyalı ölüb. Onlarla mülki vətəndaş yaralanıb.
Noyabrın 15-dən Hələbin şərqində 773 nəfər mülki vətəndaş həyatını itirib.
N.O.
www.oxu.az