Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hindistan ABŞ ilə təcili ticarət sazişi bağlamağa can atır
"Hindistan ABŞ ilə ikitərəfli ticarət sazişini ən qısa müddətdə bağlamaq niyyətindədir".
Oxu.Az-ın məlumatına görə, bu barədə Hindistan XİN başçısı Subramaniam Cayşankar Nyu-Dehlidə keçirilən Qlobal Texnologiya Sammitində çıxışı zamanı bildirib. Onun çıxışı "X" hesabından yayımlanıb.
"ABŞ-də administrasiya dəyişdikdən bir ay sonra biz faktiki olaraq ikitərəfli ticarət sazişi bağlayacağımız, hər iki tərəf üçün işləyəcək həll yolu tapacağımız barədə konseptual razılığa gəldik", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Hindistanın Donald Trampın ilk prezidentlik müddəti ərzində dörd il boyunca ABŞ ilə apardığı ticarət danışıqları sazişin bağlanması ilə nəticələnməyib.
"Bu dəfə biz, əlbəttə ki, çox yüksək təcililik dərəcəsinə köklənmişik. Biz burada bir pəncərə görürük və ondan istifadə etmək istəyirik. Bizim ticarət komandalarımız qətiyyətlə kökləniblər. Adətən keçmişdə bizdən şikayət edirdilər ki, biz prosesi ləngidirik. Bu gün hər şey əksinədir. Biz bu təcililiyi hər üç istiqamət üzrə çatdırmağa çalışırıq", - deyə o qeyd edib.
Hindistan və ABŞ ticarət sazişi üzrə danışıqlara Hindistan baş naziri Narendra Modinin fevralda Vaşinqtona səfərindən sonra başlayıblar.