"İranla ABŞ arasında atəşkəs əldə olunsa belə, Hörmüz boğazında gəmiçiliyin tam bərpa edilməsi aylarla vaxt aparacaq".
Oxu.Az xəbər verir ki, bunu "Financial Times" qəzetinə Yaponiyanın "NYK Line" gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa deyib.
Qeyd olunur ki, həllini gözləyən əsas problem 80-dək minanın qala biləcəyi su hövzəsinin təmizlənməsidir. Hazırda mülki gəmilər yalnız iki dar dəhlizlə - İranın Larak adası yaxınlığında və Oman sahilləri boyu təhlükəsiz şəkildə hərəkət edə bilirlər.
"Mövcud marşrutlar həddindən artıq məhduddur. Biz əvvəlki vəziyyətdən çox uzağıq", - deyə Soqa bildirib.
Onun sözlərinə görə, boğazın açılmasından sonra ilkin dövrdə daşıma həcmləri normanın yarısından azını təşkil edəcək. Müharibədən əvvəlki səviyyəyə qayıtmaq üçün su yollarının uzunmüddətli və təhlükəli təmizlənməsi tələb olunacaq.