İran ABŞ-nin nüvə proqramı ilə bağlı təklifini rədd etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" yüksək rütbəli iranlı diplomata istinadən məlumat verib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Tehranın cavabı Vaşinqtonun təklifinin rədd edilməsi kimi də şərh oluna bilər. Diplomat qeyd edib ki, təqdim olunan şərtlər daxilində ABŞ-nin İranda uranın zənginləşdirilməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Burada, həmçinin anti-İran sanksiyalarının ləğvi ilə bağlı dəqiq izahat da verilmir.
Bundan əvvəl "The Wall Street Journal" öz mənbələrinə istinadən xəbər vermişdi ki, Vaşinqton və Tehran tamhüquqlu nüvə sazişinin bağlanması yolunda aralıq mərhələ olacaq çərçivə sazişi üzərində razılığa gəlməyə çalışırlar.
Məlumata görə, İran belə bir razılaşmanın tərəfləri yeni sazişə yaxınlaşdıra biləcəyinə inanır və ona mülki nüvə proqramına hüququnun təsdiqini, habelə nüvə silahı yaratmağa cəhd etməmək öhdəliyini daxil etmək istəyir. Bundan əlavə, mümkün şərt İranın nüvə obyektlərində yoxlamaların aparılmasıdır.