İran ordusu İordaniya və Küveytdəki ABŞ hərbi bazalarına, eləcə də Bəhreyndə bir zavoda PUA-lardan zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Bu gün səhər saatlarında İran ordusu İordaniyada ABŞ-nin təchizat və logistika anbarına, silahlı qüvvələrinin yerləşdiyi məkanlara, Küveytdəki Ərifcan düşərgəsində zirehli briqadaya məxsus batalyonunun yerləşdiyi əraziyə, həmçinin Bəhreynin ən böyük alüminium zavoduna PUA-larla zərbələr endirib", - deyə bildirilib.
İrana məxsus pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbədən sonra Küveytin Əl-Əhmədi limanının yaxınlığında yerləşən neftayırma müəssisəsində bir neçə yanğın ocağı yaranıb.
Oxu.Az-ın verdiyi məlumata əsasən, bu hadisə ilə bağlı rəsmi açıqlamanı dövlətə məxsus Küveyt Neft Korporasiyası (KPC) yayımlayıb.
"Bu gün səhər saatlarında Əl-Əhmədi limanı yaxınlığındakı neftayırma zavodu PUA hücumuna məruz qalıb. Hücum nəticəsində bir neçə yerdə yanğın qeydə alınıb və hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almağa səy göstərirlər", - deyə təşkilatın KUNA informasiya agentliyi vasitəsilə yaydığı bəyanatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, hadisə zamanı heç kim xəsarət almayıb.