Natanzdakı nüvə obyektinə endirilən zərbələr İrana qarşı davam edən müharibə fonunda geni əks-səda doğurub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (SAXAL) bəyan edib ki, həmin hücuma aidiyyəti yoxdur və bu ərazidə heç bir əməliyyat aparmayıb. SAXAL, həmçinin vurğulayıb ki, mövcud münaqişə şəraitində ABŞ-nin hərəkətlərini şərh etmir.
Bir sıra mənbələrin məlumatına görə, uranın zənginləşdirilməsi üzrə zavoda zərbələr ABŞ tərəfindən endirilmiş ola bilər. Hücum zamanı möhkəmləndirilmiş yeraltı obyektlərin məhv edilməsi üçün nəzərdə tutulmuş xüsusi sursatlardan istifadə olunub. Bu isə kritik infrastrukturun hədəfə alındığını göstərir.
Bununla yanaşı, İsrail İran hədəflərinə qarşı hərbi kampaniyasını davam etdirir. Gecə ərzində İsrail Hərbi Hava Qüvvələri Tehrana silsilə zərbələr endiriblər.
SAXAL-ın məlumatına görə, ballistik raketlərin hazırlanması və istehsalı ilə bağlı onlarla obyekt hədəf alınıb. Hədəflər arasında SEPAH-ın əsas obyektləri, raket komponentləri anbarları, raket yanacağı istehsalında iştirak edən müəssisələr və Tehranın ətrafındakı hava hücumundan müdafiə sistemləri olub.
ABŞ və İsrail İranın Natanzdakı nüvə obyektinə zərbə endiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Xəbərə görə, Natanzdakı obyektə edilən zərbə nəticəsində heç bir radioaktiv maddə sızması aşkar edilməyib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.